Şərqşünaslıq İnstitutu ilə Məhəmməd İbn Səud Universiteti arasında elmi əlaqələr yaradılır (FOTO)


Digərləri 12 Dek 2019 19:49:00 140 0

Şərqşünaslıq İnstitutu ilə Məhəmməd İbn Səud Universiteti arasında elmi əlaqələr yaradılır (FOTO)

Məhəmməd İbn Səud Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmməd Uteybi dekabrın 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Bakı. Səudiyyə Ərəbistanının Məhəmməd İbn Səud Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmməd Uteybi dekabrın 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, M.Uteybi əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. M.Uteybi təmsil etdiyi Universitet barədə məlumat verərək, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onda maraq doğurduğunu bildirib. Görüşdə müəssisələr arasında elmi əlaqələrin yaradılmasına dair ilkin razılıq əldə edilib və qarşılıqlı razılaşma sənədinin hazırlanmasına qərar verilib.