Aztəminatlı ailələrdən olan gənclərin işlə təminatı üçün bələdiyyə proqramları həyata keçirməyi düşünürəm - Bələdiyyə namizədi


Digərləri 12 Dek 2019 10:55:00 160 0

Aztəminatlı ailələrdən olan gənclərin işlə təminatı üçün bələdiyyə proqramları həyata keçirməyi düşünürəm - Bələdiyyə namizədi

Kənan Məmmədov Nərimanov bələdiyyəsinə bitərəf namizəddir.

Bakı. Dekabrın 23-də Azərbaycanda Bələdiyyə seçkisi keçiriləcək. Müsahibimiz Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinə namizəd Kənan Məmmədovdur. Kənan Məmmədov 1989-cu ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr pilləsini, Azərbaycan Dövlət İqtisad Unversitetinin MBA dərəcəsini bitirib. CFA-ə (Chartered Financial Analysis) 2-ci dərəcə namizəddir. Yerli özəl bankların birində Xəzinədarlıq Departamentinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Trend-in məlumatına görə, Kənan Məmmədov Nərimanov bələdiyyəsinə bitərəf namizəddir. - Kənan bəy, Bələdiyyə seçkilərinə namizədliyinizi vermək ideyası hardan gəldi? - Bələdiyyə seçkilərində bitərəf namizəd kimi iştirak edirəm. Namizədliyimi irəli sürmək qərarını özüm verdim. Bakalavr təhsilim sırf dövlət idarəçiliyi ilə bağlıdır və Bələdiyyə idarəetməsi mənə yad bir sahə deyil. Qərar verdim ki, doğulub böyüdüyüm Nərimanov rayonundan Bələdiyyə seçkisinə qatılım və bələdiyyəmizin, ümumilikdə rayonumuzun inkişafına öz dəstəyimi verim. Hal-hazırda ölkəmizdə gedən böyük islahatlar və gənclərə geniş imkanların yaradılması da məni bu qərarımı verməkdə bir qədər də ruhlandırdı. İnanıram ki, bu islahatlar, müsbət dəyişikliklər öz təsirini yerli idaraetmə orqanlarında da göstərəcək. Bu seçkilərdən sonra Bələdiyyələr daha aktiv fəaliyyət göstərəcəklər və təmsil etdikləri ərazinin, orda yaşayan insanların problemlərinin həllində iştirak edəcəklər. Hesab edirəm ki, Bələdiyyələr ərazilər üzrə sakinlərin problemlərinə ən yaxın orqan olmalıdır və qarşıya çıxan məsələlərin həllinə çalışmalıdırlar. Bunun üçün isə yеnilikçi düşüncəyə, gənclərə böyük ehtiyac var. Bələdiyyə üzvü seçiləcəyim təqdirdə, rayon sakinlərini narahat edən məsələlərin həllində bütün imkanlarımı səfərbər edəcəm. - Bələdiyyə seçkilərində rəqibləriniz çoxdur. Nərimanov rayon sakinləri nəyə görə sizi seçməlidirlər? Yəni seçicilərinizə nələri vəd edirsiniz? - Mənə olan etimadı doğrultmaq mənim üçün ən vacib məsələdir. Seçiləcəyim təqdirdə, ilk növbədə əhali ilə bələdiyyənin ünsiyyətini artırmağı düşünürəm. İmzatoplama prosesindən başlayaraq, sakinlərlə keçirdiyim görüşlərdən gəldiyim əsas nəticə odur ki, insanlarımız onları təmsil edən namizədlərlə daha sıx ünsiyyətinə ehtiyacı duyur. Bələdiyyə nümayəndəsi daim sakinlərlə təmasda olmalıdır ki, vətəndaşı hansı problemin narahat etdiyini onun özündən öyrənsin. Rayon sakinləri nə istəyir, onları nə narahat edir, hansı məsələlərin həllini tapmasını istəyirlər? Problemi o problemlə üzləşən adamdan daha yaxşı kim bilə bilər? Ona görə hər məhəllə ilə, hər bir sakinlə görüşmək bələdiyyənin vəzifəsi olmalıdır ki, mən də bunu özümə prioritet məsələ seçmişəm. Bu görüşlər ayrı-ayrı məhəllələrin problemlərinin vaxtında aşkarlanması və həllində özünü göstərəcək. Eyni zamanda aztəminatlı ailələrdən olan gənclərin əmək bazarına adaptasiyasını asanlaşdırmaq məqsədilə ardıcıl bələdiyyə proqramlarını həyata keçirməyi düşünürəm.