Mağazaya getdiyinə görə xanımını dindirməyən, qızlarını ölümlə hədələyən, oxuyubyaza bilməyən aktyor


Kriminal 11 Dek 2019 20:00:00 137 0

Mağazaya getdiyinə görə xanımını dindirməyən, qızlarını ölümlə hədələyən, oxuyubyaza bilməyən aktyor

Bu gün Azərbaycan teatr və kino tarixində özünəməxsus yeri olan görkəmli sənətkar, Xalq artisti Lütfəli Abdullayevin anım günüdür.

Son.az bildirir ki, Kulis.az bu münasibətlə aktyorun həyatına dair maraqlı faktları təqdim edir.

Lütfəli Abdullayev 1914-cü ildə Şəkidə anadan olub. Yeddillik məktəbi bitirib, Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. On dörd yaşında Bakıya gələrək Üzeyir Hacıbəyovu tapıb. Üzeyir bəy onu Konservatoriyaya götürüb. Yaxşı səsi olsa da oxumağı sevməyib.

***

Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, Stanislavski sistemindən isə tamamilə xəbərsiz olub.Gallery

Böyük məhəbbəti Sevda xanımla yeməkxanada tanış olublar. Bir müddət sonra aktyor sevdiyi qadını "Ürəkaçanlar" tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. "Sən Bədəl bəy oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdir, nəsli-nəcabəti kimdir? Heç olmasa, Dram Teatrının aktyoru olaydı..."Gallery

Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də razılıq əldə olunmur. Sevda ilə Lütfəli düz 5 il gizli görüşürlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Həmin müddətdə Lütfəli Abdullayev "Azdrama"da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayır. Turqut adlı oğlu da olur. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevdanın qarşısını kəsib ona yenidən evlənmək təklif edir. Bu izdivacdan aktyorun Xurşid və Gülarə adlı iki qızı doğulur.

Şəmsi Bədəlbəyli ilə çox yaxın dost, həm də qonşu olublar. Hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: "Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər". Lütfəli də özündən çıxıb deyirmiş: "Ay Şəmsi, qoy yaşayaq da". Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub.

***

Yüksək şəkəri varmış. Bir gün həkim ona pəhriz yazır. Aktyorsa "onsuz da gec ya tez öləcəm, qoy heç olmasa tox ölüm" - deyib.

"Arşın mal alan" filminin çəkilişinə çoxlu sayda aktyorlar dəvət olunur. Aktyorların seçiminə Üzeyir bəy şəxsən özü rəhbərlik edir. Üzeyir bəyin göstərişi ilə sınaq çəkilişləri üçün Vəli obrazına Lütfəlidən başqa heç kim dəvət olunmur.

***

Bəşir Səfəroğlu xəstəxanada yatanda 50 yaşı tamam olurdu. Lütfəli ilə Şəmsi müəllim Mərkəzi Komitəyə zəng edib Bəşir Səfəroğlu üçün xalq artisti adının verilməsini istəyirlər. Şəmsi müəllim deyir ki, "Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var, ya yox. Biz bu gün səhnədə tamaşadan sonra onu xalq artisti kimi təqdim edəcəyik", - deyib dəstəyi asır. Bəşiri xəstəxanadan gətirirlər. Üstündən bir az keçməmiş xalq artisti təqdimatı da hazır olur.

Evində ailə üzvlərindən başqa on nəfər qeydiyyatda olub. Ailəsi bunu onun ölümündən sonra bilib. Rayondan gəlib Bakıda qeydiyyata düşmək istəyən heç bir tanışına etiraz etməyib.

Bir gecə isə tamaşadan qayıdanda "Molokan bağı"ndan keçirmiş. Skamyaların birində on beş yaşında bir qız uşağının başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, bu kimsəsiz uşağın adı Dusyadır, özü də Şamaxı molokanlarındandır. Lütfəli "Gecənin bu vaxtı nə edirsən?" sualının cavabını alar-almaz qızcığazı evə gətirir. Hər tərəfi bit-birə içində olan bu qızcığaz ömrünün sonuna qədər Lütfəlinin ailəsində yaşayır.Gallery

Xalq Lütfəli Abdullayevi sağlığında da, ölümündən sonra da çox sevib. Qızı müsahibələrinin birində qeyd edir ki, 1992-ci ildə bazarda onun portmanatını oğurlayırlar. İki gündən sonra bazar müdiri onlara zəng vuraraq "gəlin, itən portmanatınızı aparın" deyir. Sən demə, oğru portmanatı açanda içərisində Lütfəli Abdullayevin şəklini görür. Portmanatın Lütfəli Abdullayevin qızına məxsus olduğunu biləndə onu "Təzə bazar"ın qapısı önünə qoyur. O vaxtı aktyorun ölümündən on doqquz il ötmüşdü.