Stalini heyran qoyan azərbaycanlı aktrisanın sirlərini nəvəsi açdı


Şou-biznes 11 Dek 2019 16:54:00 171 0

Stalini heyran qoyan azərbaycanlı aktrisanın sirlərini nəvəsi açdı

Stalin özü onu Azərbaycanın ən gözəl qadını tituluna layiq görmüşdü. Həyat verdiyi istənilən obrazı ən az özü qədər əvəzsiz, təkrarsızdır. Çoxsaylı mükafatlarını sadalamağa ehtiyac yoxdur. O, xalqın sevimlisi Leyla Bədirbəylidir.

Son.az Publika.az-a istinadən Mehin Cavanşirlə söhbəti təqdim edir:

Leyla xanımı Amerikada yaşayan nəvəsi Mehin Cavanşirlə birgə yad etdik.

 Mehin xanım, Leyla Bədirbəylini sizin xatirələrinizdən dinləmək istərdik.

- Nənəm dünyasını dəyişəndə, mən universitetdə oxuyurdum. Uşaqlığımız, yeniyetməliyimiz onunla birgə keçib. Hər bazar günü nənəmgilə gedirdik. Çünki həmin gün bizə çox gözəl proqram hazırlayırdı. Əvvəlcə birgə verilişlərə baxırdıq. Sonra nahar və onun hazırladığı çox dadlı şirniyyatları yeyirdik. Leyla xanım peşəkar qənnadçı idi. Özü də sovet vaxtı indiki mətbəx ləvazimatları çox çətin tapılardı. Onun evində isə hər şey var idi. Yəqin ki, xaricdən gətirirdi. Hazırladığı tortlara elə gözəl bəzəklər verirdi ki, saatlarla baxmaq istəyirdin. Bir də bizə gözəl donlar tikirdi. Mən, bacım və bibim qızı onlarda olanda, ölçülərimizi götürürdü ki, növbəti həftə sonu üçün paltarımız hazır olsun. İstəyirdi ki, bizim donlarımızdan heç kimdə olmasın. Bir parçadan müxtəlif formalı libaslar tikirdi. Üstünü də toxuduğu fiqurlarla bəzəyirdi. Masasında hər zaman dəb jurnalları olurdu. Onlara baxıb bizə gözəl sviterlər, jaketlər toxuyardı. Hamı bizdən soruşurdu ki, bu gözəl geyimləri haradan alırsınız?!

Yayda isə bizi Qubaya aparardı. Qəçrəş meşələrini çox sevərdi. Elə biz də meşədə oynamağın həvəsindən gedərdik. Şəmkiri də çox sevirdi. Tətil gələn kimi ata yurdu Şəmkirə gedərdi. Mən anama çox bağlı olduğum üçün uzaq səfərlərə onsuz getməzdim. Amma bacımı və bibim qızını özü ilə aparardı. Bacım danışırdı ki, Şəmkirə çatan kimi insanlar sıraya düzülüb Leyla xanımı alqışlayırdı. Çünki hər kəs onu çox sevirdi. Olduqca sadə və təvazökar insan idi. Heç kim haqda pis danışmazdı.

- Bildiyim qədər, sovet vaxtı ən çox xarici səfərlərə gedən sənətkarlarımızdan biri də Leyla xanım idi.

- Hər Yeni il öncəsi xaricə, əsasən də Moskvaya üz tuturdu. O, xaricə səfər edəndə çox sevinirdik. Çünki bilirdik ki, bizə dadlı şirniyyatlar, konfetlər gətirəcək. Çox gözəl zövqü var idi. Standart olmayan şeylər gətirirdi.

- Amma yəqin ki, nənəlik missiyası tək sadaladıqlarınızla bitmirdi.

- Bilirsiniz, Leyla xanım üçün etika-estetika hər şeydən öncə gəlirdi. Bizə öyrədirdi ki, səhər oyananda, özünüzü tam səliqəyə salın. Hətta evdən çıxmasanız belə səhər yeməyinə oturanda elə bilməlisiniz ki, indi qonaq gələcək. Geyiminiz, saçınız həmişə səliqəli olmalıdır. Masanın bəzədilməsindən tutmuş, yerişimizədək hərşeyi ondan öyrənirdik. Çünki zadəgan ailəsində böyümüşdü. Adi davranışlarında, maneralarında da aristokratlıq duyulurdu. Artıq hərəkətlərdən xoşu gəlməzdi. Bizə də deyirdi, hər şeyə gülməyin, özünüzü adınıza layiq aparın. Bu baxımdan bir az sərt idi. Hətta gəzəndə də qəddimizi düz saxlamağı öyrədirdi.

- Leyla xanım kolleksiya toplamağı da sevirdi...

- Evinin çox maraqlı dizaynı var idi. Miniatür suvenirlər toplayırdı. Evi sanki muzey idi. Farfor fiqurlar, rəsm əsərləri, miniatürlər... Hətta pərdələrini də özü tikərdi.

- Milyonların həsədlə, həsrətlə baxdığı Leyla Bədirbəyli məhəbbətinə qovuşmuşdu?

- Babam Kamil bəy onu uşaq kimi əzizləyərdi. Evdə bir vaz var idi. İçərisində həmişə tər qızılgüllər olardı. Heç vaxt o güllərin solduğunu görməzdik. Çünki babam 2-3 gündən bir nənəmə qızılgül alardı. Biz ona heç vaxt nənə deyə müraciət etmirdik. Həmişə "mama Leyla" çağırırdıq. Bir dəfə dedim, "mama Leyla", axı gülləri ancaq bayramlarda hədiyyə edirlər. Cavab verdi ki, yadında saxla, insan sevdiyinə qarşılıq gözləmədən dəyər verirsə, onu sevindirməyə çalışır. Babam hər gün tezdən oyanıb təndir çörəyi alıb gətirirdi. O vaxtlar da çörəyi qəzetə bükürdülər. Bu, nənəmin xoşuna gəlmirdi ki, zərərlidir axı... Şriftin rəngi çörəyin üzərində qalır. Ona görə babam ağ kağıza bükürdü isti çörəyi. Şəkərburanı, paxlavanı hamıdan gözəl bişirirdi. Hətta rəhmətlik Rəşid Behbudov deyirdi ki, respublikada ən gözəl paxlavanı Leyla xanım bişirir. Şəkərburaya elə naxış vururdu ki, sanki üstündə memar işləyib. Elə bil Allah onu qüsursuz yaratmışdı. Sözün əsl mənasında gözəl idi. Çox mükəmməl nitq qabiliyyəti də vardı.

- Amma gözəl qadınların taleyi çox vaxt nəs gətirir.

- O qədər gözəl, xoşbəxt ömür sürmüşdü ki, bu nağıl bir gün bitməli idi. Sevimli qızı Lalə (bibim) 48 yaşında avtomobil qəzasına uğrayıb dünyadan köçdü. Bu, hamımız üçün çox böyük itki idi. Ondan öncə də babam eyni faciə ucbatından Almaniyada vəfat etmişdi. Bu iki zərbə Leyla xanımı çökdürdü. Dərin depressiyaya düşdü. Həyat yoldaşı ona həm də ata əvəzi idi. Bütün bu nəvazişi, qayğını bir anda itirdi, üstəlik də qızının eyni səbəbdən ölümü... Bu, çox ağır faciə idi. Nənəm ağır stress yaşadı. Nə jurnalistlər, nə sənət yoldaşları... Hər kəslə əlaqəni kəsib evinə qapandı. Yalnız biz doğmalar onu ziyarət edirdik. Mütləq öncədən zəng edirdik ki, yanına gəlmək istəyirik. Deyirdi, filan saatda qapını açıq qoyacam, gələrsən. Çox vaxt heç telefona da cavab vermirdi. Qapını örtüb, evdən çıxmırdı. Bəziləri düşünürdü ki, bu itkilər ona təsir etməyəcək. Amma qəlbi o qədər incə idi ki, dərindən sarsılmışdı. Valideynlərini də çox sevirdi Leyla xanım. Hətta onları tez-tez kurortlara yollayırdı. Anam danışırdı ki, atasının ayağını da özü yuyurdu.

- Nə vaxt dərk etdiniz ki, nənəniz həm də xalqın sevimli sənətkarıdır?

- Uşaq vaxtı anlamırdım. Amma artıq məktəb vaxtlarımda onunla gəzməyə çıxanda hər kəs dönüb heyrətlə baxırdı. Rəfiqələrim də deyirdi ki, bilirsən, sən Azərbaycanın ən gözəl qadınının nəvəsisən. O, bizə tapşırırdı ki, heç kimə deməyin nəvəm olduğunuzu. Qoy, sizi özünüzə görə sevsinlər. Hətta həyat yoldaşımın ailəsi bizə elçi gələndə, nənəmin portretini gördü. Onda bildilər ki, Leyla xanım nənəmdir. Bizə deyirdi, mən mənəm, siz, siz olmağa çalışın. Bir dəfə universitetdə rəfiqəm hamıya dedi ki, Mehin Leyla Bədirbəylinin nəvəsidir. Yadımdadır, auditoriyanın qapısı tez-tez açılardı. Hər kəs mənə baxmağa gəlirdi. Təbii ki, nənəmə görə... Bir də çox balaca bir iti var idi. Onu gəzdirməyə çıxarırdıq. İndiki Heydər Əliyev sarayının yanında yaşayırdı. Evindən şəhərin mərkəzinədək hamı arxamızca gəlirdi ki, ona bir daha baxsın.