Azərbaycanla Sakit Okean Alyansı arasında məsləhətləşmələr başlayıb


Digərləri 11 Dek 2019 13:24:00 102 0

Azərbaycanla Sakit Okean Alyansı arasında məsləhətləşmələr başlayıb

Azərbaycan Xarici İşlər Nazirliyində Sakit Okean Alyansına (SOA) üzv ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə görüş keçirilib.

Bakı. Azərbaycan Xarici İşlər Nazirliyində Sakit Okean Alyansına (SOA) üzv ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti, SOA-nı isə Meksika, Çili və Kolumbiyanın səfirləri təmsil ediblər. Görüş zamanı Azərbaycanın Alyansa üzv ölkələrlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğu vurğulanıb, nəqliyyat və turizm sahələrinin potensialı haqqında məlumat verilib. Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit yüklərin daşınmasında strateji nəqliyyat qovşağı olduğu ifadə edilib. Bu baxımdan, Azərbaycanın SOA və müşahidəçi dövlətlərlə əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb. SOA-ya üzv ölkələrin səfirləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafı üçün müvafiq qurumlarla praktiki layihələr üzərində müzakirələrə hazır olduqlarını bildiriblər. Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Görüşdə həmçinin İqtisadiyyat Nazirliyinin nümayəndəsi də iştirak edib.