Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur (FOTO)


Digərləri 11 Dek 2019 09:55:00 132 0

Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur (FOTO)

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə magistral yollarla yanaşı respublika əhəmiyyətli yolların müasir səviyyədə yenidənqurulması işlərinə başlanıldı. Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, dənəvər tərkibli əsasın üst layının tikintisi, əsasın ait layının tikintisi və qırmadaşlı əsasın tikinti işlərini yerinə yetirməkdədir. Buna paralel olaraq yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işlərinə də başlanılıb. Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.