Hollivudun acınacaqlı dövrü: "İfritələr" axtarışında


Digərləri 11 Dek 2019 07:55:00 118 0

Hollivudun acınacaqlı dövrü: "İfritələr" axtarışında

Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə "dinamit" qoymaqla fəaliyyətlərini təhlükə altına atdılar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, İkinci Dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünün və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə - kommunizm təhlükəsi yarandı. Bu münaqişə sakit, ancaq dəhşətli sonluqla nəticələnə bilən, ABŞ və Sovetlər Birliyi arasında "soyuq müharibə" kimi tanınan bir dövr idi. Nəzərə almaq lazımdır ki, artıq meydanda nüvə silahı vardı. 1940-cı illərin sonlarına yaxın "Hollywood" filmlərindəki nasizmi ondan daha təhlükəli olan kommunizm əvəzlədi, "Dəmir pərdə", "Qırmızı Dunay" kimi filmlər çəkildi. Ancaq "Dəmir pərdə" ekran əsəri digər filmlərlə rəqabətə girə bilmədi, əksinə, kino sənayesinə, onun yaradıcılarına ziyan vurdu. 1938-ci ildə ABŞ-da ölkəyə kommunizmin vura biləcəyi zərbəni araşdıran Siyasi Aktivistlər Komitəsi yaradılsa da, komitə 1947-ci ilə qədər bu ideologiyanın kinoya təsirini araşdırmadı, ona diqqət ayırmadı. İlk növbədə 19 şübhəli şəxs kinodan kənarlaşdırıldı. Onların sırasında ssenari müəllifləri, prodüser və aktyorlar vardı. Onlardan 10 nəfər - Edvard Dimitrik, Dalton Trumbo, Con Hovard Lasn, Herbert Bibermən, Alva Besi, Rinq Lardner Cunior, Albert Maltz, Samuel Ornitz, Adrian Skot və Lester Kol kobud formada dindirilərək tarixdə "Hollivudun 10 nəfəri" kimi yadda qaldılar. Sonradan böyük studiyalara antikommunist filmlərin çəkilməsindən ötrü siyasi təzyiqlər göstərildi. Nəticədə Leo MakKerinin "Mənim oğlum Con", Səm Folerin "Təhlükəli əllər", Elia Kazanın "Qırmızı terrorun qaçaqları" və Qordon Duqlasın "I Was a Comunist for F.B.I" filmləri ekranlara çıxdı.

Kinostudiyalar da bu siyasi vəziyyətdən çəkinib "Hollivudun 10 nəfəri"nə iş vermədilər, çünki onlar ABŞ Konqresinə hörmətsizlik etdikləri üçün məhkəməyə cəlb edilib, sonradan isə həbs olunmuşdular. Onluğa daxil olan rejissor Edvard Dimitrik istintaqa verdiyi izahatını dəyişərək Kommunist Partiyasına rəğbət bəsləyən öz sənət yoldaşlarını satdı. Rejissorun digər yoldaşları da ona qoşuldular və 1951-ci ildə ikinci istintaq mərhələsi başlandı. Senator MakKarzi irəli duraraq Hollivudun dəhşətli düyünlərini açdı və bu zaman ölkədə "ifritələr axtarışı"na başlanıldı. Hamı bir-birini günahlandırırdı. Belə məlum oldu ki, Hollivudun yarıdan çoxu həyatlarında bir dəfə də olsa kommunizmin "ideal cəmiyyət" olduğuna müsbət münasibətlərini bildiriblər. Acınacaqlı bir vəziyyət yaranmışdı. Hər bir şirkət özü üçün qara siyahı tuturdu. Əgər kimsə bu siyahıya düşürdüsə, vaxt itirmədən özünün günahsız olmadığını sübuta yetirməliydi.

Ən pisi də o oldu ki, senator MakKarzinin "ifritələr axtarışı" özünü doğrultmadı. Bu axtarış bir çox professional kino mütəxəssislərin, aktyorların işsiz qalmasına səbəb oldu ki, onlar da öz növbəsində Avropaya axın etməyə məcbur oldular. Bu hadisələr "Hollywood"da kütləvi narazılığa səbəb olmuşdu. Bunun nəticəsində kino sənayesi "Roma tətilləri", "Bəylər sarışın qızları seçir", "Yeddi qardaş üçün yeddi gəlin" və ya "Durna" filmlərini təşviq etməsinə baxmayaraq, "Təhlükə qarşısında", "Pislik toxumu", "Deadline USA" və ya "Mərhəmətsiz on iki adam" filmlərində cəmiyyətin tənqidi mövqeyini göstərmiş olurdu.

1950-ci ildə Koreyada başlanan müharibə "Polad dəbilqə", "Toko-Ri körpüləri", "Polad şeytanlar vadisi" kimi tammetrajlı filmlərin çəkilməsinə gətirib çıxartdı. Münaqişə Birləşmiş Ştatlarda əhalinin özünəinamını zəiflətdi. İkinci Dünya müharibəsinin acıları unudulmamışdı. Şəhərdə düşmənlər olduğundan camaat qorxurdu. Böyük studiyaların rəhbərləri üçün isə vəziyyət daha da acınacaqlı idi, çünki onlar "qızıl dövr"ün sonunun çatdığını görürdülər. Evlərə isə televiziya vasitəsilə kabus daxil olurdu.

Təhlükəli və qorxulu vaxtda Amerika vətəndaşı üçün televiziya sanki bir xilaskarlıq simvoluna çevrildi. Söhbət radio və kinodan fərqli, daha cəlbedici, rahat və qənaətcil bir ixtiradan gedirdi. Bu yeni ixtira bir göz qırpımında milyonlarla vətəndaşın evində həmişəlik sakin oldu. Müsabiqələr, seriallar, komediya filmlərini evdəcə izləmək olurdu. Daha bundan yaxşı nə arzulamaq olardı?