Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Sumqayıt şəhərinin Cümə məscidində moizə edib (FOTO)


Digərləri 10 Dek 2019 10:18:15 103 0

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Sumqayıt şəhərinin Cümə məscidində moizə edib (FOTO)

Fərid Qasımzadənin çıxışı moizədə iştirak edən insanlar tərəfindən maraqla qarşılanıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun dörd tələbəsi Sumqayıt şəhərinin Cümə məscidini ziyarət edib, namaza qatılıb. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, bölgə qazısı Hacı Rauf Sərdarov tələbələrin moizə etməsi üçün şərait yaradıb. İnstitutun Dinşünaslıq ixtisası üzrə ikinci kurs tələbəsi Fərid Qasımzadə inanclılar qarşısında “Ailə və cəmiyyət” mövzusunda xütbə ilə çıxış edib. F. Qasımzadə xütbədə İslam dininin sağlam cəmiyyət qurmaq məqsədi ilə ailə müəssisəsinin möhkəm təməllər üzərində qurulmasına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Bildirib ki, ailə münasibətlərini İslamın bizə tövsiyə etdiyi mənəvi tellər üzərində qurduğumuz təqdirdə, cəmiyyət üçün milli-mənəvi dəyərlərə sahib çıxan fərdlər yetişdirmək mümkündür. Ailənin sağlam cəmiyyətin və güclü dövlətin təməli olduğunu bildirən F. Qasımzadə insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında, xalqın milli-mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsində ailənin xüsusi rol oynadığını bildirib. Fərid Qasımzadənin çıxışı moizədə iştirak edən insanlar tərəfindən maraqla qarşılanıb.