"Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb" Debüt FOTO


Kriminal 09 Dek 2019 23:07:00 168 0

"Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb"  Debüt  FOTO

Hüseyn Nağıyev: Ən böyük hədəfim Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmək və adımı "Qızıl kitaba" yazdırmaqdır

Bu gün gənc istedadlarımızın səsi beynəlxalq festivallardan eşidilir. Artıq beynəlxalq musiqi festivallarında bizim istedadlı gənc ifaçılarımız da boy göstərir, tarixə adlarını qızıl hərflərlə yazdırmağı bacarırlar. Onlardan biri də Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyevdir. O, ötən həftə Moskvada Vladimir Spivakov Fondu tərəfindən keçirilən XVI "Moskva dostları qarşılayır" Beynəlxalq Festivalında iştirak edib. 

Son.az bildirir ki, səfərdən dönən Hüseyn Nağıyev "Kaspi"nin qonağı oldu. İstedadlı kamança ifaçısı ilə əldə etdiyi uğurlarından, hədəflərindən bəhs etdik. Onu da qeyd edim ki, 15 yaşlı ifaçı, eyni zamanda aktyor olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı obrazlar yaradır.

- Dünyaca məşhur olan Böyük Teatrda çıxış etmək hər bir ifaçının arzusudur. Bu arzuya belə gənc yaşda necə çatdınız?

- Gimnaziyamızın müdiri Aytən Əhmədova həmin festivala mənim "Youtube"da olan ifalarımdan ibarət videolarımı göndərmişdi. Festival iştirakçılarının siyahısı açıqlandığı zaman öz adımı orada gördükdə, sevincimin həddi-hüdudu yox idi. Bu mənim kamança ifaçısı olaraq iştirak etdiyim ilk festival idi. Bunun üçün Təhsil Nazirliyinə və Aytən xanıma təşəkkürümü bildirirəm. 

- Festivalda hansı əsəri ifa etdiniz və ifanız necə qarşılandı?

- Həsən Rzayevin "Çahargah" muğamının üzərində yazılmış "Çahargah rapsodiyası" əsərini ifa etdim. Bu əsərin seçilməsi və məhz belə mötəbər festivalda mənim tərəfimdən ifa edilməsi heç də əbəs deyildi. Belə ki, festivala dünyanın 36 ölkəsindən nümayəndələr, iştirakçılar gələcəkdi və onların içərisində bizim milli musiqilərimizi mənimsəyən mənfur düşmənlərimiz də vardı.  Bunun üçün Aytən Əhmədova ilə düşündük və yerli bəstəkarımızın əsərinə müraciət etmək qərarına gəldik. Orda xarici əsərlə çıxış etməyimin bir mənası olmazdı. Kamança bizim milli alətimizdir, orada yerli bəstəkarımızın əsəri səslənməli idi. Konsertmeyster Svetlana Əhmədova ilə birlikdə biz bu mahnını ifa etdik və ifamız tamaşaçılar tərəfindən böyük alqışla qarşılandı. Tədbirdən sonra zalda tamaşaçı qismində əyləşən sənətkarlar mənə yaxınlaşıb, təşəkkürünü bildirir və ifa etdiyim əsərin onlara xoş təsir bağışladığını deyirdilər. Əlbəttə ki, bu, bir ifaçı kimi məni həvəsləndirir və daha da qürurlandırırdı. Digər tərəfdən isə, dünyada 4 məşhur opera teatr səhnəsindən biri olan Dövlət Akademik Böyük Teatrda çıxış etməyin sevincini yaşayırdım. Mən Böyük Teatrın Bethoven zalında çıxış etdim, hansı ki, məhz bu zalda dünyaca məşhur sənətkarlar çalışıblar.    - Yaşınıza görə uğurlarınız az deyil. Bu yolda iştirak etdiyiniz festivallar, müsabiqələr sizə nə qazandırıb?

- Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb. 2015-ci ildən kamança ixtisası ilə məşğul olsam da, əsas uğurlarım 2017-ci ildən başlayıb. Belə ki, 2017-ci ildə "İncəsənət Olimpiadası"nda 1-ci yerə layiq görüldüm. 2018-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş 3-cü Respublika müsabiqəsində 1-cilik qazandım. Daha sonra "Testene art Baku" 2-ci beynəxalq müsabiqəsində 2-ci yerə layiq görüldüm. Kamança hazırlanması və ifaçılıq sənətinin UNESKO-nun qeyri-maddi reprezentativ mədəni irs siyahısına daxil olunmasına həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının 2-ci Respublika müsabiqəsində 2-ci yeri tutdum. H.Xanməmmədovun 100 illiyinə həsr olunmuş müsabiqədə (müsabiqədən kənar) diploma, World harmony 2-ci beynəlxalq müsabiqəsində 2-ci yerə, 2019-cu il Uşaq və gənclər arasında Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində 1-ci yerə layiq görüldüm. X və XI Beynəlxalq Üzeyir Hacıbəyli festivallarında çıxış etmişəm. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təsis etdiyi "Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı" mükafatına layiq görüldüm. 2019-cu ildə Albaniyanın Elbasan şəhərində keçirilən 21-ci Skampa Beynəlxalq Teatr Festivalında aktyor kimi çıxış etdim. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin, Respublika Fənn olimpiadasının və məktəblər arasında keçirilmiş "Respublika idman çempionatı"nın mükafatlandırma mərasimində kamança ifaçısı kimi ifa etdim. Bundan başqa, dəfələrlə Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və Orqan zalında, Beynəlxalq Muğam Mərkəzində və dövlət tədbirlərində Xalq çalğı alətləri orkestri, Q.Qarayev adına kamera orkestri ilə çıxış etmişəm. Təbii ki, bütün bunlar mənim həyatımda böyük iz buraxıb.    - Gələcək hədəfləriniz nələrdir? Hansı zirvəyə çatmağı qarşınıza məqsəd qoymusunuz?

- Ən böyük hədəfim Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmək və adımı "Qızıl kitaba" yazdırmaqdır. Bunun üçün əlimdən gələni edirəm.    - Bu yaşda solo konsert də vermisiniz.