İtaliyada Milad bayramı və Yeni il necə qarşılanır?


Digərləri 09 Dek 2019 22:31:00 172 0

İtaliyada Milad bayramı və Yeni il necə qarşılanır?

İtaliyada Milad ərəfəsi dekabrın 8-dən başlayır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin gündən etibarən italyanlar evlərini bəzəməyə və şam ağacı quraşdırmağa başlayırlar. İtaliyanın ən təmtəraqlı şam ağacları Venesiya, Milan, Florensiya və Romanın mərkəzi meydanlarında quraşdırılır və onlar milyonlarla turist cəlb edir.

Lakin İtaliyanın Qubbio şəhərindəki şam ağacı dünyanın ən böyüyü və ən zəhmətlisi kimi "Ginnesin rekordlar kitabı"na düşür. Bu ağacda 700 şam yandırılır. Habelə İtaliya Milad səhnəsinin qurulduğu əraziyə görə də liderliyini qoruyub saxlayıb. Bu, Manarola kəndindəki 17 min şamla bəzədilmiş səhnədir.

Milad yarmarkaları da maraqlıdır. Bunlardan ən gözəli Florensiyadakı Alman bazarıdır.

Milad gecəsi italyanlar təmtəraqlı süfrələr açırlar. Bu adətlər hər regiona görə dəyişir. Belə ki, hər süfrədə Milad çörəyi və şirniyyatları ilə yanaşı, mütləq bir neçə balıq xörəyi də olur. Şam yeməyindən sonra dindar italyanlar kilsəyə gedir və səhərədək dua edir, ayinlər icra edirlər.

Milad bayramı rəsmi olaraq yanvarın 6-da bitir. Həmin gün "La Befana" bayramı qeyd olunur. Rəvayətə görə, məhz həmin gün üç müdrik padşah körpə İsa üçün hədiyyələr göndərir, lakin hədiyyələri gətirən qarı İsanı tapmayıb onları digər uşaqlara paylayır. Məhz bu rəvayətə əsasən italyan uşaqlar hədiyyələrini yanvarın 6-da alırlar.