Azərbaycanda vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməli qoyulub (FOTO)


Digərləri 09 Dek 2019 16:54:00 111 0

Azərbaycanda vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməli qoyulub (FOTO)

“Zabrat” aeroportunun ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Bakı. “Zabrat” aeroportunun ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib. Trend-in məlumatına görə, yeni vertolyotların əsaslı təmiri və servisi mərkəzi mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Vertolyotları” Səhmdar Cəmiyyəti ilə birlikdə həyata keçiriləcək. Müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb. Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər. Tikinti üçün ayrılan ərazi ilə tanışlıqdan sonra rəsmi təməlqoyma mərasimi keçirilib, tədbirin iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdiriblər.