Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir (FOTO)


Digərləri 09 Dek 2019 10:30:00 108 0

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir (FOTO)

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir

Bakı. Dövlət Reklam Agentliyinin ərazi reklam idarələrində çalışan əməkdaşlarının normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericiliyin tələbləri barədə məlumatlandırmaq məqsədilə təşkil olunan təlimlər növbəti dəfə Sumqayıtda keçirilib. Dövlət Reklam Agentliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan təlimlərdə sahibkarların işinin asanlaşdırılması baxımından onların maarifləndirilməsi, qanunvericiliyə edilən dəyişikliklər barədə regionlardakı nümayəndələrin məlumatlandırılması, yeni yaradılan zonalar və onların sistemə daxil edilməsi yolları və s. mövzular əhatə olunub. Təlimçilər - Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə Regional İdarələrdəki əməkdaşlara məlumat veriblər. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Fərmanı ilə ADRA-nın Nizamnaməsində edilən dəyişiklik, reklam haqqında qanuna edilən əlavələr, Agentliyin Regional İdarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması və s. mövzuları əhatə edən təlimdə Sumqayıtla yanaşı, Quba Regional İdarəsinin nümayəndələri də iştirak ediblər. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.