Şəkixanovların evi və ya Şəkixanovlar sarayı... FOTO


Kriminal 09 Dek 2019 06:30:00 255 0

Şəkixanovların evi və ya Şəkixanovlar sarayı...  FOTO

Müstəqil ölkəmizdə tarixi irsimizə dövlət tərəfində göstərilən diqqət və qayğının bariz nümunəsinə hər yerdə olduğu kimi Şəkidə də tez-tez rast gəlmək olar. Azərbaycanın qədim məkanlarından olan Şəkidə bu gün tarixi abidələrə böyük hörmət və ehtiramla yanaşılır. Məhz bunun nəticəsidir ki, cari ilin iyul ayının 7-də Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Xalqımız üçün qürurverici hadisə olan bu qərar Şəki şəhərinin dünya miqyasında təbliğ olunmasına bir daha təkan verdi. Qədimliyi və müasirliyi ilə hər kəsdə böyük maraq doğuran, hər tikilisi unudulmaz tarix olan bu bənzərsiz diyarın daha bir gözəl məkanı ilə oxucularımızı yaxından tanış etmək istəyirik. Belə ki, haqqında danışacağımız Şəkixanovların evi və ya Şəkixanovlar sarayı Şəkinin qoruq ərazisində yerləşən və Azərbaycan memarlığının ən unikal abidələrindən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şəkixanovların evi tarixi abidə kimi dövrünün memarlıq xüsusiyyətlərini özündə cəmləşdirir. Bu evdə vaxtilə Müştaq təxəllüsü ilə şeirlər yazan Məhəmməd Hüseyn xan yaşayıb. Abidənin sadə dekorasiya üslubuna malik olması da bunu sübut edir. Abidənin memarının kimliyi isə məlum deyil. Qoruq ərazisindəki abidə yaşayış evlərinin inkişaf etmiş saray tipli formasındadır. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi mühafizə olunur.

Saraya daxil olduqda ziyarətçiləri ilk olaraq, gül-çiçəklə əhatələnmiş həyət və ikimərtəbəli ev qarşılayır. Evin qarşısının bu cür bəzədilməsi məkanın görünüşünü bir qədər canlandırır.

Abidənin strukturuna gəldikdə isə, saray altı otaq və dörd dəhliz olmaqla iki mərtəbədən ibarətdir. Birinci mərtəbə saray xidmətçilərinin yaşayışı üçün nəzərdə tutulub. Bu mərtəbədə otaqlarla yanaşı, sadə dekorasiyaya malik olan mətbəx və ərzaqların mühafizəsini təmin etmək üçün xüsusi bir yer də var. Birinci mərtəbədəki otaqların qapılarının hündürlüyü alçaqdır. Bunun səbəbi o dövrdə xidmətçilərin hörmət əlaməti olaraq baş əyməsi kimi izah olunur.

Birinci mərtəbədən ikinci mərtəbəyə qadın və kişi olmaq üzrə ayrı-ayrılıqda iki pilləkən vasitəsilə qalxmaq mümkündür. Pillələr çox da enli deyil. İkinci mərtəbə xan və ailəsi üçün hazırlanıb. Burada qonaq otağı, xanın otağı və xanın xanımının otağı olmaqla üç otaq mövcuddur. İbadət və istirahət üçün nəzərdə tutulmuş xanın və xanımının otağının dekoru heç də mürəkkəb deyil. Bu, otaqda ibadət edilən zaman fikirlərin yayınmaması ilə əlaqələndirilir. Yalnızca otaqların bir divarı bütünlüklə şəbəkə üsulunda hazırlanmış pəncərə şəklindədir. Bu isə dekor tərtibatının bəsitliyini pozmağa kifayət edir. Belə ki, günəş şüalarının həmin şüşəli divara nüfuz etməsi ilə otaq al-əlvan bir görünüşə boyanır. Qonaq otağı isə digər otaqlarla müqayisədə olduqca zəngin dekor elementlərinə malikdir. Otağın üç divarı və tavanı monumental-dekorativ boyakarlıq sənətinin nümunələrini özündə əks etdirərək otağın ümumi görünüşünü dəbdəbəli bir görüntüyə bürüyüb. Otağın divarlarındakı təsvirlərdə görkəmli şair Nizami Gəncəvinin "Xəmsə"sinin qəhrəmanlarının rəsmləri həkk edilib. Divarlardakı təsvirlərdə hər bir obrazın dəqiqliklə işlənməsi, tavandakı dinamik sürətdə rəsm edilən dörd mələk təsviri, nəbati ornamentlərə də təsvirlər arasında yer verilməsi abidənin interyerinin estetik tərtibatını zirvəyə qaldırır. Rəngarəng şüşələrdən istifadə edilərək yaradılan şəbəkə üsullu pəncərənin dördüncü divara əlavə edilməsi tikilinin bədii görünüşünü daha da ön plana çıxardır. Qəbul otağındakı şəbəkə şüşələr və güzgülər Venetsiyadan xüsusi olaraq gətirilib. Bütün bunlarla bərabər, otaqlarda mövcud olan buxarı vaxtilə həm qızdırıcı, həm də havanlandırma məqsədi daşımış, taxçalar isə qab-qacaq kimi məmulatların saxlanmasında istifadə edilib.

Ümumiyyətlə, binanın frontal görünüşü, otaqlardakı bəzək elementləri XVIII əsr Şəki şəhər memarlığını xarakterizə edir. Belə ki, hər bir detalı xüsusən düşünülmüş bu tarixi-mədəni abidənin bərpası və mühafizəsi orta əsrlər Azərbaycan memarlıq ənənəsinə olan sadiqliyin bir göstərici kimi dəyərləndirilə bilər.