Gündə 20 siqaret bu xəstəlik riskini 3 dəfə artırır


Digərləri 08 Dek 2019 19:20:00 164 0

Gündə 20 siqaret bu xəstəlik riskini 3 dəfə artırır

Pnevmoniya, xalq arasında sətəlcəm kimi tanınan xəstəlik qış aylarında daha geniş yayılır. Daha çox uşaqlar və yaşlı şəxslər üçün təhlükəli sayılan bu xəstəlik hava-damcı yolu ilə çox tezliklə yayılır.   

Ağciyərdə iltihabın yaranması ilə xarakterizə olunan sətəlcəm, bakteriya, virus, göbələk kimi mikroorqanizmlər sayəsində ortaya çıxır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan mütəxəssislər gündə bir qutu siqaret çəkməyin pnevmoniya riskini 3 dəfəyə yaxın artırdığını bildiriblər. Çoxlu siqaret istifadəsi immun sistemini zəiflətdiyi üçün sətəlcəmin yaranmasına səbəb olur.

Gündə 10-20 siqaret çəkmək sətəlcəm riskini 2,3 dəfə, 20 siqaret çəkmək isə 2,9 dəfə artırır.

Pnevmoniya ən çox ölümə səbəb olan xəstəliklərin sırasında 3-cü, 65 yaşdan sonra  ölüm səbəbləri arasında altıncı yerdə gəlir.

Pnevmoniya qəfil başlayan öskürəklə ortaya çıxır. Dörd gündən çox davam edən qızdırma, bəlğəmli öskürək, nəfəs almada çətinlik, sinədə, başda, eləcə də bütün bədənə yayılan ağrılar, ürək bulanma, qusma, halsızlıq bu xəstəliyin əlamətləri sayılır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ən çox ölümə səbəb olan xəstəliklərdən olan aşağı tənəffüs yolları infeksiyaları ildə 3,2 milyon insanın ölümünə səbəb olur.

Pnevmoniya əleyhinə peyvənd sətəlcəmin qarşısını almaq üçün əsas addım sayılır.