“Avropanın ürəyi” 3000 şokolad dükanı olan “Benilüks ölkəsi”ndən


Dünya 08 Dek 2019 16:45:00 144 0

“Avropanın ürəyi”  3000 şokolad dükanı olan “Benilüks ölkəsi”ndən

Bu dəfə "adama gəzmək qalır" deyib şokolad ölkəsi Belçikadan danışmaq istəyirəm. Niyə şokolad ölkəsi? Bir ölkə təsəvvür edin ki, ildə 220 min ton şokolad istehsal olunsun. Bir ölkə gözünüzün önünə gətirin ki, nə az, nə çox, 3000 şokolad dükanı olsun. Ölkədə 13 şokolad fabriki, 16 şokolad muzeyi var. Şokoladdan illik gəliri 5 milyard avro olan bu ölkə "şokolad ölkəsi" adlanmağa sonuna qədər layiqdir. Elə isə dadlı səyahətimizə keçid alaq...

Son.az lent.az-ın Belçikadan hazırladığı reportajı təqdim edir.

Yarım milyon avroluq, hasarsız "Belçika" villaları"

Səfərim Belçikanın 3 şəhərinə oldu. Bu səfərimi digərlərindən fərqləndirən özəllik isə azərbaycanlı bir ailənin qonağı olmağım və onların sayəsində ölkəni, insanlarını, qayda-qanunlarını daha yaxından müşahidə imkanımın yaranması idi. İlk getdiyim yer Gent şəhəri, daha dəqiq desəm, bu şəhərin Evergem qəsəbəsinin Vippelgem kəndi oldu. "Kənd" deyirəm sizə...

Çox dəqiq işləyən avtobusları ilə şəhərdən asanlıqla qapının ağzına kimi gəldiyin bir kənd. Asfaltı bu dəqiqə salınmış kimi görünən yolları olan bir kənd. Hətta qarğıdalı, taxıl tarlalarına kimi uzanan müasir standartlı asfalt örtük. Tarlaların düz yanındaca piyada keçidli, asfalt örtüklü yolların səliqəsindən zövq almağa başlamışdım ki, evlərin hasarsız olmağı diqqətimi çəkdi. Hanı bizdəki o iki metrlik daş hasarlar, lay divarlar? Hanı bizdəki dəbdəbəli villalar? Düzdür, bəzi evlərin hasarları vardı. O da evlərin sərhədini ayırmaq üçün əkilən ağaclar və kollardan ibarət. Hə bir də kiçik, rəngli, taxta "hasarlar". Evlər də hamısı bir-birinə bənzəyən... Qonşunun bəhsinə bir az da böyük, bir az da mərtəbəsi çox saray tikdirmədinsə, nə marağı? Evlərin əksəriyyəti uzunsov formada idi ki, daha az yer tutsun, bu da ərazi vergisinin həddən çox olması ilə bağlıdır. Yığcam, rahatlığa önəm verilmiş, dəbdəbədən uzaq evlər... Dəbdəbədən uzaq dediyimə də baxmayın, belə evlərin yarım milyon avroyadək qiymətləri var. Hətta belə şəhərətrafı qəsəbələrin, kəndlərin evləri şəhər mərkəzindəki evlərdən qat-qat bahadır. Belçikada bizdən fərqli olaraq, insanlar mərkəzdə yox, kənar yerlərdə ev almağa üstünlük verirlər. Evlər gözəl, yollar səliqəli. Bəs, görəsən, bu Belçika kəndlərinin çatışmayan cəhəti yoxdur ki?! Var! 5 gün o kənddə qaldığım müddətdə bir dəfə də olsun həyətdə-bacada oturub tum çırtlayan, kim nə vaxt evinə gəldi, kim nə yedi-içdi, kim hara getdi ilə maraqlanan qonşular görmədim. Elə qonşun yoxdursa, nə marağı?

"Bura zibil atanın..."  

Yeyib-içmək demişkən, bu belçikalılar yeyib-içdiklərinin zibilini atmaq mövzusunda əməlli-başlı əziyyət çəkirmişlər. Deməli, kağız-kuğuz, kartondan ibarət zibilləri ayrıca qutularda yığırlar və zibil şirkətləri ayda bir dəfə gəlib həmin qutuları aparır. Şüşələri, bankaları da ayrıca bir qabda yığıb, onu da ayda bir dəfə gələn zibil maşınlarına təhvil verirlər. Plastik və metal içki qabları, yoqurt qabları kimi zibilləri də ayrıca qablarda yığırlar, zibil maşınları belə tullantıları ayda iki dəfə götürür. Meyvə-tərəvəzi, qida qalıqlarını, həyətdən biçilən ot qalıqlarını da tamam ayrı çeşidləyib, hər həftə gələn zibil maşınlarına təhvil verirlər. Bu zibillərdən isə gübrə düzəldilir. Bütün bu çeşidlərə daxil olmayan digər zibilləri isə xüsusi sellofanda yığıb həftədə bir dəfə gələn zibil maşınına verməlisən. Özü də elə-belə sellofan torbada yox. Xüsusi sellofan almalısan ki, o da 10 dənəsi 15 avrodan. Vay o günə ki, ya başqa sellofanda zibil atasan, ya da zibili düzgün çeşidləməyəsən. Hətta zibil atmaqla bağlı bir əhvalat danışdılar ki, əlim üzmüdə qaldı. Bir türk zibili həmin xüsusi sellofanda atmır və düzgün çeşidləmir. Həmin zibil sellofanından çıxan məktublar isə zibil atanı ələ verir, ev ünvanı tapılır, həmin şəxs cərimə olunur. Bilmdim bu cərimələrin və sərt qaydaların nəticəsi idi, ya nə idi, müşahidə etdiyim o oldu ki, küçələr, evlərin önü tərtəmiz idi, yerdə bir zibil qırıntısı belə yox idi.

Ürəyin istədiyi vaxt işə gedə bilərsən!  

Diqqətimi çəkən məqamlardan biri isə iş saatı ilə bağlı oldu. Məktəblər, bağçalar, xəstəxanalar və xidmət sektorundakı bəzi iş yerlərinin konkret başlama və bitmə saatları var. Amma digər özəl və dövlət işlərində iş vaxtını özün təyin edə bilirsən. Daha dəqiq desəm, sənə 2 saat vaxt verilir, məsələn, səhər 8-10 arası istənilən vaxt işə gələ bilərsən. 10-dan gec olmamaq şərti ilə. 8 saat da iş vaxtındır. Əgər 8-də işə gəlmisənsə, 8 saatlıq işini bitirib gedirsən, 6-yadək işləməli deyilsən. Bu da səhər və axşam saatlarında tıxacların olmasının qarşısını alır. Əlavə işlədiyin vaxtlar isə dəqiqəsinə kimi hesablanır. Məsələn, 4 gün boyunca 8 əvəzinə 9 saat işləmisənsə, 5-ci gün həmin əlavə 4 saatını toplayıb işdən tez çıxmaq imkanın var. İş sistemləri, iş saatları özlərinə xeyirdir, turistlərə bunun bir isti-soyuğu yoxdur. Amma Belçikada heç sevmədiyim bir cəhət mağazaların tez bağlanması oldu. Geyim mağazaları saat 6-da bağlanır. Gündüz gəzib, axşam bir-iki mağazaya baxmaq istəsən, açıq heç bir yer tapmayacaqsan. Və ya gecənin bir vaxtı ürəyin yeməli nəsə istəsə, açıq ərzaq mağazası da tapmaycaqsan. Ərzaq mağazaları isə 8-ə kimi işləyir. Bəzi türk mağazaları olur ki, onlar nisbətən gec bağlanır.

800 paltarı olan Manniken Pis  

Keçək Belçikanın şəhərlərinə. Dediyim kimi 3 şəhərində oldum. İlk olaraq paytaxt Brüsseldən başlayım. Brüssel nəinki Belçikanın, eləcə də bütün Avropa Birliyinin baş şəhəridir. Yəqin ki, necə rəsmi və quru bir şəhər olduğunu anladınız. Heç təsadüfi deyil ki, hər 3 nəfərdən biri miqrantdır bu şəhərdə. Bu qədər beynəlxalq təşkilatın olduğu bir şəhərdə bu, normal haldır. Şəhərin gəzməli yerlərinin başında Grand Palace gəlir. Yəni şəhərin əsas meydanı. Onu da deyim ki, Grand Palace Avropada gördüyüm ən gözəl və ən böyük meydanlardan biridir. 2 ildən bir avqust ayında bu meydanda nəhəng bir xalça "toxunur". O qədər nəhəng olur ki, bütün meydanı tutur. Özü də gül-çiçəkdən "toxunur". Bu meydanın düz yaxınlığında isə məşhur Manniken Pis heykəli qoyulub. "Bir balaca boyu var, dam dolusu toyu var" məsəli bu heykələ aid deyilib sanki. 61 santimetrlik boyu ilə heykəlin önü həmişə qonaq-qaralı olur. Dəfələrlə oğurlansa da, hər dəfə yenisini hazırlayıblar. Heykəlin 800-dən çox geyimi də var. Qonşu ölkələrin kraliyyət ailələri, hökümət nümayəndələri Brüsselə gələrkən əliboş gəlmirlər, Manniken Pisə geyimlər gətirirlər, bu "balaca oğlan" da bayramlarda, xüsusi günlərdə gündə bir paltar geyinib "forslanır".