Otel otağında kimsəsiz ölən dahi...


Digərləri 08 Dek 2019 12:34:00 140 0

Otel otağında kimsəsiz ölən dahi...

Müasirləri Teslanı "XX əsri yaradan insan" hesab edirdilər. Təbii ki, elektrikin tarixi Tesladan başlanmır, ondan da əvvəl bu sahədə Faradey, Maksvell, Amper, Hers, Edison  kimi alimlərin fundamental ixtiraları olub. Bu alimlərdən sonuncusu Teslanın iş ortağı və eyni zamanda rəqibi Tomas Edison elektrikdən praktikada geniş istifadə etsə də, enerjinin bütün dünyada yayılmasında, planetar miqyas qazanmasında Teslanın daha böyük rolu var idi. O, bütün yer kürəsinin elektrikləşdirilməsinə nail olmuşdu. Tesla  elektrik barədə hər şeyi bilirdi. Bununla yanaşı, o, kosmik proseslərin elmi təhlilini də vermişdi. Tesla süni idrak hazırlamağa çalışırdı, fikirlərin fotoşəklini almaq üzərində işləyirdi. O, zamanı idarə etmək təşəbbüsü də göstərirdi.

Son.az Modern.az-a istinadən unudulmuş dahi barədə yazını təqdim edir.

Unudulmuş dahi

İxtiraçının kəşflərindən bütün bəşəriyyətin geniş istifadə etməsinə baxmayaraq, adı və əməlləri az qala unudulub. O, bütün bəşəriyyəti pulsuz enerji ilə təmin etməyə çalışırdı. Bununla kapitalist sənayesini çökdürmək imkanına sahib idi. Adının unutdurulmağa  çalışılmasında bu amillərin də böyük rolu var idi.  Onun ən önəmli ixtiralarından biri dəyişən cərəyan generatoru idi. Əgər bu generator olmasaydı, müasir energetika meydana gəlməzdi, müasir sivilizasiya yüz il geri düşərdi.

Allah xofu və kitab aludəçiliyi ilə keçən uşaqlıq

Nikola Tesla  1856-cı ildə Xorvatiyanın kiçik dağ kəndində doğulub. 8 yaşına çatanadək zəif və qətiyyətsiz uşaq idi. İstədiyi hər hansı məsələnin həllinə girişməsi üçün nə qüvvəsi, nə də cəsarəti çatırdı. O, heç bir səbəb olmadan ya şənlənir, ya da qəmlənirdi. Bədən ağrısı və ölüm haqqında düşüncələri özündən kənarlaşdıra bilmirdi. Onda güclü Allah xofu vardı. Gecələr gözünə görünən əcinnələrdən, adamyeyən nəhənglərdən qorxurdu. Nikolada kitab oxumaq aludəçiliyi vardı. Atası onun bu məşğuliyyətinin qarşısını almağa çalışırdı. Qorxurdu ki, oğlunun gözlərinə xələl gələ bilər. Gecələr hamı yatandan sonra atasının kitablarını oxuya bilməsi üçün donuz piyindən uzun-uzun şamlar düzəldirdi. Elə həmin dövrdə Nikola özündə qəribəliklər hiss etməyə başlamışdı. O, təsəvvüründə canlandırdığı hər hansı bir cismi, mexanizmi özü düzəltdiyini xəyal edirdi. Teslanın çox güclü yaddaşı vardı. Oxuduğu yüzlərlə kitabın hər bir sətrini, hər bir şəklini və çertyojunu yaddaşında saxlaya bilirdi.

Qara pişikdən də xeyir gələrmiş...

Bir dəfə Tesla  hava qaralan zaman həyətdə oturub sıx tüklü qara pişiyini tumarlayırdı. Onun diqqətini pişiyin tükü ilə özünün barmaqları arasında əmələ gələn xırda qığılcımların ətrafa işıq saçması çəkdi. Uşaq bu hadisədən təəccüblənərək, atasından qığılcım yaranmasının səbəbini soruşdu. Atası: "Bunun səbəbini dəqiq bilmirəm, mənə elə gəlir ki, bu, ildırımın daxilindəki qüvvədir" - dedi. Atasının bu cavabı on yaşlı Nikolanı heyrətə saldı. Beləliklə, oğlanda sirli elektrik qüvvəsinə maraq yarandı. Elə bu marağı da onu Qratz Universitetinə gətirib çıxardı. Baxmayaraq ki, atası onun da özü kimi keşiş olmasını təkid edirdi.

"İxtiraçılar kralı"nın qəzəbinə tuş gəldi

Öz ixtiralarını gerçəkləşdirə bilmək üçün beyni yeni-yeni kəşflərlə dolu, cibi isə boş olan Tesla  1884-cü ildə Amerikaya üz tutdu. Amma Nyu-York onu ilk andan sınağa çəkdi. Gəmidə oğrular tərəfindən soyulan baqajsız, ac və pulsuz qalan Tesla körpüdən birbaşa "İxtiraçıların kralı" adını qazanmış  Tomas Edisonun yanına yollandı. Tomas Edisonun bütün kəşfləri sabit cərəyana söykənirdi. Terslanın icad etdiyi dəyişən cərəyan sistemi Edisonun sabit cərəyan sisteminə nisbətən çox daha ucuz və əlverişli idi. Teslanın inkişaf etdirdiyi transformatorlar vasitəsi ilə elektriki incə kabellər üzərindən uzaq məsafələrə itkisiz daşımaq mümkün idi. Və o, Edisonla razılığa gələrək bu sistemi onun müəssisələrində də tətbiq  etdi. Edison bunun müqabilində Teslanı  50 min dollarla mükafatlandıracağını söyləsə də, sonradan bu pulu verməkdən imtina etdi. Bundan sonra Tesla  Edisonla yollarını ayırdı. Edison sözündən dönməklə qalmadı, həm də Teslanın bundan sonrakı elmi karyerasını pisləməyə, onu alçaltmağa başladı. Bu gün Teslanın bu qədər az tanınmasında Edisonun bu səylərinin də böyük payı var. Ən qəribəsi də odur ki, sonralar Tesla ixtiralarına görə "Edison mükafatı"na layiq  görüləcəkdi... Edison tərəfindən davamlı tənqid olunan birinə bundan daha pis bir mükafat ola bilməz. Radarın kəşfinə maneə törədən biri kimi yenə də Edisonun adı hallanır. 1-ci Dünya Müharibəsində ABŞ dövləti Alman dənizaltılarını təsbit edəcək bir sistem inkişaf etdirməyə çalışırdı və bunun üçün Edisondan kömək istəmişdi. Teslanın bu mövzudakı təklifi  enerji dalğalarını istifadə etmək oldu. Bu gün bu sistemə radar deyirik. Edison Teslanın təklifini təbii olaraq rədd etdi. Ona  fikrincə, bu, çox axmaq bir təklif idi. Bu səbəbdən də dünya radarın icadını 25 il gözləmək məcburiyyətində qaldı.

Dünyanın ilk milyarderi ola bilərdi...

Edisondan ayrıldıqdan sonra Teslanın nə iş yeri, nə də pulu yox idi. Ancaq onun ixtiraları  milyonçu Vestinhauzun marağına səbəb olmuşdu və o, Tesla ilə bir müqavilə imzaladı. Müqaviləyə görə, Vestinhauz satdığı hər bir kilovat dəyişən elektrik üçün Teslaya 2.50 dollar verəcəkdi. Tesla pulsuzluq səbəbiylə reallaşdıra bilmədiyi işləri üçün nağd pula qovuşmuşdu. Teslanın Vestinhauzdan alacağı pulun 1 milyon dolları keçməsi milyonçunu maliyyə problemlərlə üz-üzə gətirdi. Tesla müqaviləsi etibarlı olduğu müddətcə Vestinhauzun iflas edəcəyini bildiyi üçün müqaviləni cırıb atdı. Çünki onun ən böyük məqsədi insanlara ucuz elektrik verə bilmək idi. Dünyanın ilk milyarderi olmaqdansa, patentləri qarşılığında özünə ödənən 216,600 dollara razı oldu. Və milyonçu Vestinhauzun maliyyə dəstəyi ilə Niaqara şəlaləsində Teslanın ixtiraları əsasında su elektrik stansiyasının inşasına başlanıldı.  Bu, dünyanın ilk hidroelektrik stansiyası idi.

Radio və rentgenin əsl "atası"