Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfər ediblər FOTO


Digərləri 07 Dek 2019 23:56:00 236 0

Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfər ediblər  FOTO

Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfər ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, dekabrın 7-də "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfəri təşkil edilib.

Səfər çərçivəsində həmin qurumların yaranması və fəaliyyəti barədə "Könüllü gömrükçü"lərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Ekskursiya Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə tanışlıqdan başlayıb. Kinoloji Mərkəzin rəisi İlkin Osmanov rəhbərlik etdiyi mərkəzin gündəlik iş prosesi və fəaliyyəti ilə bağlı könüllüləri məlumatlandırıb. Bildirilib ki, Mərkəz 2003-cü ildə istifadəyə verilib və parametrlərinə, təchizatına görə regionda analoqu yoxdur. 3,5 hektar ərazini əhatə edən mərkəzin bazasında hazırda 65 baş xidməti it saxlanılır və növbəti ildə onların sayının 75-ə çatdırılması nəzərdə tutulur. Mərkəzdə həmçinin, xidməti axtarış itlərinin narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz üzrə axtarış, bütün növ obyektlərin mühafizəsi üzrə hazırlanması da həyata keçirilir.

Ekskursiya zamanı Mərkəzin təlim meydançasında xidməti axtarış itləri narkotik vasitələrin və digər qadağan olunmuş maddələrin aşkar edilməsi üzrə bacarıqlarını nümayiş etdirib, bu proseslərdə "Könüllü gömrükçü"lər də təlimçilərlə birgə yaxından iştirak ediblər.

"Könüllü gömrükçü"lər Dövlət Gömrük Komitəsinin Akademiyasında da olublar. Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov onlara bu təhsil ocağının yaranması, fəaliyyəti haqqında geniş məlumat verib. "Könüllü gömrükçü"lər auditoriyalar, laboratoriyalar, o cümlədən texniki nəzarət vasitələri laboratoriyası, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) Akademiyada yerləşən Bakı ofisi ilə yaxından tanış olublar.