Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi İlya Çavçavadzeyə həsr olunan tədbir keçirib


Dünya 07 Dek 2019 23:10:00 155 0

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi İlya Çavçavadzeyə həsr olunan tədbir keçirib

​Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi İlya Çavçavadzeyə həsr olunan tədbir keçirib

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın görkəmli yazıçı, şair, publisist və ictimai xadimi İlya Çavçavadzeyə həsr olunan dəyirmi masa keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi “İlya Çavçavadze və Gürcüstan” adlı tədbirdə azərbaycanlı və gürcü ziyalı, gənclər və məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, rəhbərlik etdiyi mədəniyyət ocağı Gürcüstanın tanınmış ədəbiyyat və ictimai xadimlərinə həsr olunan tədbirlərə ev sahibliyi etməkdən məmnundur. Onun sözlərinə görə, bu cür tədbirlər Azərbaycan və Gürcüstan mədəniyyətləri arasında dialoqu təşviq etməklə yanaşı, iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verir.

GAİM-in icraçı direktoru Aygül İsayeva çıxışında azərbaycanlı yeniyetmə və gənclərin Gürcüstan ədəbiyyatını öyrənmələrinin əhəmiyyətindən danışıb. O, təəssüflə bildirib ki, Gürcüstanın Azərbaycandilli məktəblərində gürcü ədəbiyyatı tədris olunmur. A.İsayeva GAİM-də azərbaycanlı məktəblilərə Gürcüstan ədəbiyyatının tədris olunduğunu deyib. İcraçı direktor görkəmli ictimai xadim İ.Çavçavadzenin azərbaycanlılara hörmət və sayğı ilə yanaşdığını qeyd edib.

Beynəlxalq Qara Dəniz Universitetinin professoru Kaxaber Cakeli bildirib ki, Gürcüstanda İ.Çavçavadze “millətin atası” adlandırılır: “İlya Çavçavadze yalnız Gürcüstanın deyil, bütün Qafqazın gələcəyini düşünürdü. O, hərtərəfli dahi şəxsiyyət olub. İlya Çavçavadzenin azərbaycanlılara ehtiram bəslədiyi hamıya məlumdur”.

Daha sonra çıxış edən Tbilisi Dövlət Universitetinin professoru Çarita Caşi azərbaycanlı gənclərin İ.Çavçavadzenin həyat və yaradıcılığına göstərdiyi böyük maraqdan fərəh duyduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstanın müasir azərbaycanlı gəncləri ağıllı və bacarıqlıdırlar: “Bugünkü gənclər Gürcüstan və Azərbaycan arasında gələcək münasibətləri inkişaf etdirərək daha da möhkənləndirəcəklər”.

Digər natiqlər də çıxışlarında İ.Çavçavadzenin yaradıcılığından bəhs edərək onun cəmiyyətlərdə demokratikləşmə və tərəqqi ilə bağlı ideyalarının bu gün də aktual olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində GAİM-in şagirdləri İ.Çavçavadzenin şeirlərini və müxtəlif əsərlərindən parçalar oxuyublar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək