Veloparkda ağacəkmə kampaniyası keçirilib (FOTO)


Digərləri 07 Dek 2019 20:42:00 136 0

Veloparkda ağacəkmə kampaniyası keçirilib (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkilməsi kampaniyası çərçivəsində Veloparkda ağacəkmə aksiyası keçirilib

Bakı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkilməsi kampaniyası çərçivəsində Veloparkda ağacəkmə aksiyası keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının və digər idman qurumlarının nümayəndələri iştirak ediblər. Azərbaycanın açıq səma altında yerləşən ən böyük idman qurğularından biri olan Veloparkda ilk ağaclar ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə əkilib. Burada iki yerdə Ulu Öndər Heydər Əliyevin öz əlləri ilə əkdiyi Eldar şamları və zeytun ağaclarının yanında qoyulmuş xatirə lövhələri də bunu təsdiq edir. Vaxtilə daş karxanalarının yerləşdiyi bu ərazidə 70-ci illərin əvvəllərində salınmış, sonradan baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüş park 2013-cü ildə baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edildikdən sonra bu parkın bərpası üçün xeyli işlər görülüb. 40 hektara yaxın ərazidə on minlərlə Eldar şamı və zeytun ağacları, çoxlu sayda müxtəlif kollar, güllər əkilib, müasir suvarma sistemi qurulub. Normal təşkil olunmuş qulluq nəticəsində 2013-cü ildə əkilən ağacların hündürlüyü hazırda 3-4 metrə çatır.