Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor...


Digərləri 07 Dek 2019 17:54:00 165 0

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor...

Son.az Lent.az-ın "Bizim filmlər" layihəsindən "Təhminə" filmini oxucularına təqdim edir:

Görüşdük nə çətin, ayrıldıq nə asan...

Hardasan əzizim, varmısan, yoxmusan?

Mən səni izlədim, günah tək gizlədim, izlədim

Hər səhər, hər axşam, hər gecə gözlədim.

Əlvida, o günlər, ulduzlu gecələr, əlvida

Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada...

Filmin məzmununa bu qədər oturuşmuş musiqi... İfaçının da taleyinə yazıldı.

Universitetdə Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərini keçirdik. Auditoriyada müzakirələrdə elə alovlu danışdım ki, əsər və Təhminə barədə, müəllim mənə baxıb gülümsündü, "Təhminə başını xarab eləyib deyəsən" - dedi. Lap sonralar başa düşdüm ki, bizim ədəbiyyat müəllimimiz də Zaurun prototipi imiş. Düşüncə baxımından Zaur Azərbaycan kişisinin ümumiləşdirilmiş obrazıdır.

Filmdə də Rasim Ocaqov bunu deməyə çalışıb, daha doğrusu, deyib.

1985-ci ildə Akademik Dram Teatrın səhnəsində Mərahim Fərzəlibəyovun quruluşunda "Beşmərtəbəli evin altıncı mərtəbəsi" tamaşası oynanılıb.

Rollarda Amaliya Pənahova, Fuad Poladov, Həsən Məmmədov, Zərnigar Ağakişiyeva oynayıblar. Uğurlu da tamaşa olub. Uğurlu olmazmı bu cür imzalarla?... Birinin çıxması ilə səhnə dolardı. İndi həmin səhnə dolu olur aktyorla, amma yenə boş görünür.

Keçək mətləbə.

1993-cü ildə Rasim Ocaqov filmin çəkilişləri üçün razılıq alanda elə həmin aktyorlardan bəzilərini öz rollarına dəvət edib. Məsələn, Zivər ana roluna Zərnigar xanımı dəvət edib. Professor Zeynallı - ata roluna da Həsən Məmmədovu.

Əsas obrazları, yəni Zaurla Təhminəni dəyişib. Fuad Poladov və Amaliya Pənahova bu obrazlar üçün artıq yaşlı idilər. Odur ki, rejissor onları bu rollarda görə bilməyib. Zaur obrazı üçün Füzuli Hüseynov dəvət olunub. İkinci rejissor Ramiz Əliyevin təklifi ilə kinostudiyaya gələn Füzuli Hüseynov Rasim Ocaqovun otağına girəndə rejissor - "bu aktyoru tanıyıram" - deyib. Ona qədər Füzuli Hüseynov onun 3-4 filminə sınaq çəkilişinə dəvət olunub, amma çəkilməyib. Dediyinə görə, məhz bu səbəbdən də yenə ümidsiz imiş.

- Səni çəkəsi olsam, 5 kilo arıqlayarsan? - deyə rejissorun sualına aktyor

- Çəksəniz, 10 kilo da arıqlayaram - deyə cavab verib.

- Yaxşı, get, sənə xəbər edəcəklər.

Füzuli dönüb gedəndə Rasim Ocaqov onu yenidən çağırıb. Aktyor qapı ağzından dönüb rejissora baxıb. Yaxşı... yaxşı get, çağıracaqlar - deyə rejissor onu yola salıb. Deyəsən, ayaq üstündə dönüb çiyni üstündən geri baxması lazım imiş rejissora. Rasim Ocaqov həm də operatordu axı.

Bir neçə gün sonra Füzuli Hüseynova "Rasim Ocaqov səni sınaqsız Spartak roluna çəkmək istəyir" - deyiblər. Aktyor danışır ki, Zaur rolu üçün bunu etməyəcəkdim, amma Spartak rolu üçün qonorarımı oxudum.