650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)


Digərləri 07 Dek 2019 13:14:10 140 0

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

Ağac əkmək kimi xeyirxah əməlin daha bir möhtəşəm nümunəsini gördük

Bakı. Elgün Mənsimov – Dünən mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin hər yerində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Nəticədə bir gün ərzində bütün ölkə ərazisində 650 mindən çox ağac əkildi. Bununla da hər birimizin gözü önündə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı. Özü də bu tarix nəinki Azərbaycana, bütün bəşəriyyətə örnək oldu, fayda və töhfə verdi. Məhz “Nəsimi ili” çərçivəsində əkilən bu ağaclar böyük şairə dərin ehtiram və hörmət əlaməti olmaqla yanaşı, həm də ona ucaldılan bir abidə oldu. Elə bir abidə ki, nəfəs alır, inkişaf edir, gün keçdikcə, il ötdükcə boy atır, qol-qanad açır və ətrafa gözəllik saçır. Kamil insan eşqi ilə yanıb-tutunan Nəsiminin ruhuna bundan böyük abidə, bundan kamil rəğbət ola bilməzdi... Sevindiricidir! ​ Çünki vətəndaşlar da kütləvi şəkildə Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşıladı və ağacəkmə prosesində şövqlə iştirak etdi. Demək olar ki, Azərbaycanın hər bir bölgəsində, qəsəbə və kəndində insanlar böyük coşqu ilə bu kampaniyaya qoşuldu, yaşıllıq zolağının salınmasında əllərindən gələni əsirgəmədi. Xalqımız növbəti dəfə bir hədəf uğrunda həmrəylik, birlik nümayiş etdirdi. Çünki hər kəs bu xeyirxah əməlin insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsinə hesablandığının fərqində idi. Alman şair və filosofu Herman Hesse yazırdı - "Ağaclar sığınacaqlardır, ağacları dinləməyi öyrəndiyimiz an onlar evimizə çevrilirlər. Bu, xoşbəxtlikdir". Bəli, insanlarımız bu marafonla məhz özlərinin gələcək sığınacaqlarını qurdular, xoşbəxtliklərinin daha bir təməlini qoydular. Müdriklərin də dediyi kimi, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın təmizləyicisidirlər. Bir sözlə, insan beşikdən məzara qədər ağaca möhtacdır... “Bütün ölkəmizdə gərəkli bir yaşıllaşdırma, abadlaşdırma işləri aparacağıq” Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sözləri hələ 2007-ci ilin mart ayında Xəzər rayonunda ağaçəkmə aksiyasında iştirakı zamanı demişdi. Xatırlayırsınızsa, həmin il Novruz bayramı ərəfəsində Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsi həyata keçirildi. Bununla da respublikanın dörd bir tərəfində minlərlə ağac əkildi. Bu layihə ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılandı. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini xalqımız yüksək dəyərləndirdi...