“Solğun çiçəklər” tamaşasının premyerası oldu


Digərləri 07 Dek 2019 10:28:04 168 0

“Solğun çiçəklər” tamaşasının premyerası oldu

Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətin hazırladığı “Solğun çiçəklər” tamaşasının premyerası olub

Bakı. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərin də cəlb edildiyi teatr-studiyası tərəfindən hazırlanmış “Solğun çiçəklər” tamaşasının premyerası olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyindən Trend-ə verilən məlumata görə, tamaşanın premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, mədəniyyət naziri Əbülfəs Qarayev, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, incəsənət xadimləri iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin teatr-studiya ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə reallaşan layihə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılması və “Əlillik qüsur deyil” mesajının çatdırılmasına xidmət edir. Tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramı əsasında hazırlanıb. Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət olan yaradıcı heyətin hazırladığı tamaşa böyük maraqla qarşılanıb. Premyeradan sonra tamaşanın yaradıcı heyəti ilə görüşən S.Babayev onların təqdim etdikləri tamaşanın uğurlu bir yaradıcılıq nümunəsi olduğunu qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətlərində tədbirlərin getdikcə geniş miqyas aldığını vurğulayıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əliliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısından bəhs edib. Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərlə bağlı yüksək humanizmə əsaslanan nəcib layihələrini diqqətə çatdırıb. S.Babayev bildirib ki, nazirliyin Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə həmin teatrın hazırladığı “Göy quş” tamaşasının ötən ilin dekabrında premyerası olub. Eyni zamanda, nazirliyin dəstəyi ilə ƏSA teatrı və nazirliyin sosial müəssisələrində peşə reabilitasiya kursu keçmiş məzunlarının birgə hazırladıqları və “Nəsimi ili”nə bir töhfə olan “Nəsimi” antreprizası bu ilin oktyabr ayında təqdim edilib.