Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirilib (FOTO)


Digərləri 06 Dek 2019 18:10:00 160 0

Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirilib (FOTO)

"Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir.

Bakı. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin də ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") layihə çərçivəsində Türkiyə türkcəsində nəşri başa çatdırılıb. Dekabrın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yeni işıq üzü görən “Xəmsə”nin təqdimat mərasimi keçirilib. Tədbirdə rəsmilər, tanınmış elm və ədəbiyyat xadimləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan cəmiyyətində kitaba olan maraq getdikcə artır: "Bu il ölkəmizdə, eləcə də Milli Kitabxanada kitabla bağlı bir sıra tədbirlər keçirilib. Onlardan biri də bu il 6-cı dəfə təşkil olunan Bakı Kitab Sərgi-Yarmarkası oldu. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə də tanınır, müxtəlif dillərə tərcümə edilərək təqdim olunur. Bu da, təbii ki, dünyada Azərbaycan kitabına marağı artırır”. Nazir son illərdə Mədəniyyət Nazirliyi və Türkiyənin nəşriyyatları tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb: "Xüsusilə “Zengin Yayıncılık” nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu nəşriyyat Azərbaycan kitablarının Türkiyədə nəşri sahəsində böyük işlər görüb. Son illərdə nəşriyyat tərəfindən 30 müəllifin kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri də bu gün təqdimatı keçirilən, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, fəlsəfəsinin zirvəsi hesab olunan dahi Nizami Gəncəvinin əsərləridir. “Xəmsə” Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilində nəşr edilib. Bu işlərdə əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq və Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək".