Qorxmaz Hüseynov: Ermənistanla münaqişə nəticəsində transsərhəd çayların su ehtiyatlarından səmərəli istifadə mümkün deyil (FOTO)


Digərləri 06 Dek 2019 17:00:00 119 0

Qorxmaz Hüseynov: Ermənistanla münaqişə nəticəsində transsərhəd çayların su ehtiyatlarından səmərəli istifadə mümkün deyil (FOTO)

Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin İdarə Heyətinin 10-cu toplantısı keçirilib.

Bakı. Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin İdarə Heyətinin 10-cu toplantısı keçirilib. "Azərsu" ASC-dən Trend-əverilən məlumata görə, toplantıda Azərbaycan, İran, Türkiyə, Pakistan, Əfqanıstan, İraq, Almaniya, İsveçrə, İordaniya, Liviya, Qırğızıstan və digər dövlətlərin müvafiq qurumlarının rəhbər şəxsləri olmaqla ümumilikdə 17 ölkənin nümayəndəsi iştirak edib. Həmçinin tədbirə UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Meteorologiya Təşkilatın nümayəndələri də qatılıb. Toplantıda Azərbaycanı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Toplantını giriş sözü ilə açan İranın energetika naziri Rza Ərdakanian müasir dünyada ekoloji vəziyyətin dəyişməsindən və suya tələbatın artmasından danışıb. Qeyd olunub ki, zəruri tədbirlər görülməsə gələcəkdə insanlar təmiz su çatışmazlığı ilə üzləşəcək. Bu, bütün ölkələrin problemi olmalı və onun aradan qaldırılması üçün birgə səylər göstərilməlidir. Sonra digər ölkələrin təmsilçiləri mövcud problemlər və onların həlli yollarından danışıblar. Bildirilib ki, problemin həlli region dövlətlərinin birgə əməkdaşlığı çərçivəsində mümkündür. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanın təşkilatın idarə heyətinə üzv qəbul edildiyi üçün təşəkkürünü bildirərək, ölkəmizdə su sektorunun inkişafı və perspektivləri, o cümlədən dövlətin bu sahəni daim diqqətdə saxlaması ilə bağlı toplantı iştirakçılarını məlumatlandırıb. O, qeyd edib ki, Azərbaycanda su ehtiyatları məhduddur və bu ehtiyatların 70%-i transsərhəd çayların payına düşür. Əhalinin artımı, sənaye və kənd təsərrüfatının inkişafı nəticəsində su ehtiyatlarından istifadə sürətlə artır. Bunları nəzərə alaraq, Azərbaycanın su strategiyasında transsərhəd çay hövzələrinin su ehtiyatlarının çirklənmə və tükənmədən mühafizəsi mühüm yer tutur. “Hesab edirik ki, dövlətlərin maraqlarının yaxınlaşdırılması transsərhəd çay sularından birgə istifadə haqqında qəbul edilmiş ümumi beynəlxalq-hüquqi sənədlərə və əlaqələndirilmiş regional su siyasətinə əsaslanmalıdır. Belə vacib sənədlərdən biri BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Konvensiyadır. Azərbaycan bu Konvensiyanı 2000-ci ildə ratifikasiya edib, onun "Su və sağlamlıq" Protokoluna isə 2002-ci ildə qoşulub”.