Turizm Bürosu: İlk mərhələdə 100dən çox hotelə ulduz veriləcək


Digərləri 06 Dek 2019 16:54:00 142 0

Turizm Bürosu: İlk mərhələdə 100dən çox hotelə ulduz veriləcək

Azərbaycanda hotellərə udluzların verilməsi prosesi 2020-ci ilin ilk rübündə başlayacaq və ilk mərhələdə 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid büroya ulduz verilməyə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimində deyib.

F.Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə daha keyfiyyətli xidmətlərin təqdim olunmasına imkan yaradacağını bildirib.

Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru Namiq Əliyev deyib ki, ölkədə ilk dəfə olaraq verilən bu akkreditasiya attestatı mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək.

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union"un təsnifat meyarları əsasında hazırlanıb.