Stalinin ən qəddar cəlladı


Dünya 06 Dek 2019 15:44:00 137 0

Stalinin ən qəddar cəlladı

Son.az "Yeni Musavat"ın yazısını təqdim edir:

On minlərlə günahsız insanın həyatını məhv edən Vasili Ulrix 1930-cu illərdəki "Böyük terror" planının icrasında ən fəal və ən "məhsuldar" simalardan biri olub. İosif Stalinin təbirincə desək, repressiya məsələlərində Vasili Ulrix "öz işinin peşəkarı" kimi ad çıxarıb. 

Təkcə 1937-1938-ci illərdə onun başçılığı ilə SSRİ-nin ayrı-ayrı bölgələrində keçirilən səyyar kollegiya iclaslarında 30 min 514 nəfər güllələnmə hökmünə, 5 min 643 nəfər isə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun fəaliyyəti ilə bağlı statistik göstəricilər bir daha sübut edir ki, 22 il ərzində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsində işləyən general-polkovnik Vasili Ulrix üçün əsas şərt əsl cinayətkarlara layiqli cəzalarının verilməsi yox, rəqəm göstəricisi olub. Və general bu rəqəmləri yuxarılar qarşısında peşəkarlığının məhsulu kimi ifadə edib, qürurla dilə gətirib.

Vasili Ulrixin apardığı məhkəmə iclasları maksimum 20 dəqiqə çəkib, hökm və qərarlarda isə ən ağır cəzalar ifadə olunub.

Müasirlərinin yazdıqlarına görə, işin "çoxluğundan" Vasili Ulrix elə məhkəmə prosesi zamanı nahar edirmiş. Düzdür, onun üçün iş başında zəngin süfrə açmayıblar, general-polkovnik qara ikra və qara çörəklə kifayətlənib. Ağ adam bu "qara" məhsulları yaxşı həzm etmək üçün hər naharda yarım litr konyakdan istifadə edib. Konyak onun iş məhsuldarlığını aşağı salmayıb, əksinə, Vasili Ulrix 40 dərəcəli mayenin təsiri altında işini daha da "sürətlə" aparıb.

Zəngin həyat tərzində yaşamağı sevən, qidalanmasına, istirahətinə, əyləncəsinə xüsusi diqqət yetirən Vasili Ulrix Moskvanın mərkəzində iki böyük mənzilə sahib olsa da, çox vaxt "Metropol" mehmanxanasında yaşayıb, özünü ailədən, qohumlardan, dostlardan təcrid edən general "əlavə qayğılardan" azad olub. Ən kiçik problemlərlə bağlı yaxınlarının müraciətlərini belə rədd edib. Öz rahatlığının təmin olunması üçün rəsmi xidməti personalından (sürücü, köməkçi və s.) əlavə Vasili Ulrixin qulluğunda nə az, nə çox, düz yeddi nəfər dayanıb.

Vasili Ulrix 1889-cu ildə Riqada anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Riqa politexnik instututunda ali təhsil alıb. 1908-ci ildən inqilabi hərəkata qoşulub. 1910-cu ildə Sosial-Demokrat Fəhlə partiyasına üzv qəbul edilib. Xüsusi xidmət orqanlarında fəaliyyətə 1918-ci ildə Petroqradda ÇK-da (Fövqəladə Komissiya) maliyyə şöbəsinin rəisi vəzifəsindən başlayıb. Sonrakı illərdə xidmətini daxili mühafizə qoşunları qərargahının komissarı kimi davam etdirən Vasili Ulrix 1921-cı ildə Rusiya Ali Məhkəməsinin Hərbi Kollegiyasının, daha sonra isə 1926-cı ildən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri vəzifəsində işləyib. Eyni zamanda o, SSRİ Ali Məhkəməsi sədrinin müavini olub.

Vasili Ulrix 1930-cu illərin ən səsli-küylü məhkəmə proseslərinə rəhbərlik edib. Stalinin xoşuna gəlməyənlər, siyasi proseslərdə iştirakı arzuolunmaz sayılanlar məhz Ulrixin əli ilə məhv edilib.

Ulrix öz vəzifəsini hökmlərin və qərarların çıxarılması ilə yekunlaşdırmayıb. O, bəzi hallarda güllələnmə hökmünün icrasını şəxsən özü həyata keçirib. General həm də ittiham olunanlara verdiyi işgəncələrlə yadda qalıb. Mərhəmət və insanlıq hisslərindən məhrum olan Ulrix ittiham olunanlara insan ağlına sığmayan işgəncələri tətbiq etməkdən çəkinməyib və bundan zövq alıb.

1930-cu illərin ortalarından Vasili Ulrix Stalinin kabinetində daha çox görünüb. Onların görüşü təklikdə keçib, Stalin Ulrixə şəxsi tapşırıqlarını verib. Həmin dövrdə çoxları Ulrixi Stalinin "ölüm aləti" adlandırıblar.