Kamran Əliyev Vyetnam Sosialist Respublikasında korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib


Digərləri 06 Dek 2019 14:01:00 161 0

Kamran Əliyev Vyetnam Sosialist Respublikasında korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

3-6 dekabr tarixlərində Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyev Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatın (OECD) Asiya İnkişaf Bankı (ADB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Vyetnam hökuməti ilə birgə təşkilatçılığı əsasında "İnfrastruktur layihələrində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə" mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Müxtəlif ölkələrin yüksək vəzifəli dövlət rəsmilərin iştirak etdiyi tədbirdə büdcə vəsaitləri hesabına reallaşdırılan infrastruktur layihələrində korrupsiya risklərinin müəyyən edilməsi yolları və ona qarşı təsirli tədbirlərin görülməsi, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində dürüstlük standartlarının təşviqi imkanları müzakirə edilmişdir.

İxtisaslaşmış anti-korrupsiya qurumlarının və bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi panel müzakirələrdə geniş təqdimatla çıxış edən Kamran Əliyev, korrupsiya amilinin qlobal müstəvidə cəmiyyətlərin sabitliyinə, davamlı iqtisadi inkişafa və demokratik təsisatların qurulması prosesinə göstərdiyi mənfi təsirlərdən danışmış, hər bir ölkənin bu sahədə daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini də səfərbər etməsinin əhəmiyyətini qeyd etmişdir. Korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri ölkəmizdə bu sahədə həyata keçirilən institusional və qanunvericilik tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən "ASAN Xidmət" modeli barədə məlumat verərək ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirmiş, müxtəlif beynəlxalq və regional təşkilatlar, o cümlədən digər ölkələrin ixtisaslaşmış anti-korrupsiya qurumları ilə qurulmuş səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir.

Bundan başqa, nümayəndə heyətinin rəhbəri öz çıxışında Azərbaycanın yürütdüyü iqtisadi-sosial siyasətinin mərkəzində azad biznes və investisiya mühitinin inkişaf etdirilməsinin dayandığını və ölkəmizdə bu sahənin daha da tərəqqisi üçün ardıcıl islahatların həyata keçirildiyini qeyd etmiş, bu il həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm elementini təşkil edən kommersiya məhkəmələrinin və mediasiya qurumlarının təsis edilməsi, bu islahatların müsbət nəticələrinin ölkəmizin beynəlxalq reytinqlərdəki mövqelərində öz əksini tapdığını bildirmişdir.