Kamran Əliyev Vyetnam Sosialist Respublikasında korrupsiya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib


Digərləri 06 Dek 2019 12:55:00 138 0

Kamran Əliyev Vyetnam Sosialist Respublikasında korrupsiya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Kamran Əliyev Vyetnam Sosialist Respublikasında korrupsiya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Bakı. 3-6 dekabr tarixlərində Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyev Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatın (OECD) Asiya İnkişaf Bankı (ADB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Vyetnam hökuməti ilə birgə təşkilatçılığı əsasında “İnfrastruktur layihələrində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Bu barədə Trend-ə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Müxtəlif ölkələrin yüksək vəzifəli dövlət rəsmilərin iştirak etdiyi tədbirdə büdcə vəsaitləri hesabına reallaşdırılan infrastruktur layihələrində korrupsiya risklərinin müəyyən edilməsi yolları və ona qarşı təsirli tədbirlərin görülməsi, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində dürüstlük standartlarının təşviqi imkanları müzakirə edilmişdir. İxtisaslaşmış anti-korrupsiya qurumlarının və bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi panel müzakirələrdə geniş təqdimatla çıxış edən Kamran Əliyev, korrupsiya amilinin qlobal müstəvidə cəmiyyətlərin sabitliyinə, davamlı iqtisadi inkişafa və demokratik təsisatların qurulması prosesinə göstərdiyi mənfi təsirlərdən danışmış, hər bir ölkənin bu sahədə daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini də səfərbər etməsinin əhəmiyyətini qeyd etmişdir. Korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri ölkəmizdə bu sahədə həyata keçirilən institusional və qanunvericilik tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən “ASAN Xidmət” modeli barədə məlumat verərək ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirmiş, müxtəlif beynəlxalq və regional təşkilatlar, o cümlədən digər ölkələrin ixtisaslaşmış anti-korrupsiya qurumları ilə qurulmuş səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir. Bundan başqa, nümayəndə heyətinin rəhbəri öz çıxışında Azərbaycanın yürütdüyü iqtisadi-sosial siyasətinin mərkəzində azad biznes və investisiya mühitinin inkişaf etdirilməsinin dayandığını və ölkəmizdə bu sahənin daha da tərəqqisi üçün ardıcıl islahatların həyata keçirildiyini qeyd etmiş, bu il həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm elementini təşkil edən kommersiya məhkəmələrinin və mediasiya qurumlarının təsis edilməsi, bu islahatların müsbət nəticələrinin ölkəmizin beynəlxalq reytinqlərdəki mövqelərində öz əksini tapdığını bildirmişdir. Mötəbər reytinq hesabatı olan Dünya Bankının "Doing Bussines 2019" hesabatında Azərbaycanın mövqeyinin 190 ölkə arasında 25-ci yerdə, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə 2-ci yerdə, biznesə başlama indikatoru üzrə isə ilk onluqda qərarlaşması ilə dünyanın ən çox islahat aparan ölkəsi elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Baş Prokurorun müavini bu göstəricilərin ölkəmizin sahibkarlıq mühitinə də töhfə verdiyini bildirmiş, korrupsiyaya qarşı mübarizə standardlarının tətbiqinin hər bir sahədə olduğu kimi özəl sektor və investisiya mühitində də təşviq edildiyini, bu gün Azərbaycanda öz anti-korrupsiya meyarlarını və etik davranış qaydalarını formalaşdıraraq tətbiq edən investisiya şirkətlərinin faiz nisbətinin günü-gündən artdığını diqqətə çatdırmışdır. Tədbir çərçivəsində Kamran Əliyevlə Vyetnamın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Baş Dövlət Müfəttişliyinin rəis müavini Nguyen Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilərək cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılmışdır. Konfrans müddətində həmçinin, Çin Xalq Respublikası, Koreya Respublikası, Pakistan, Qırğız Respublikası və digər ölkələrin nümayəndə heyətləri, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Asiya İnkişaf Bankının rəsmiləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılmış, iştirakçılara Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar təqdim edilmişdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin