Dövlət Komitəsi ağacəkmə kampaniyasında


Digərləri 06 Dek 2019 12:25:00 112 0

Dövlət Komitəsi ağacəkmə kampaniyasında

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ağacəkmə kampaniyasına qatılıb

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı yolunda yerləşən Pereküşkül ərazisində keçirdiyi kampaniyaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də qatılaraq yaxından iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən ağacəkmə kampaniyası çərçivəsində Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, ictimai fəal qadınlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib. Kampaniya çərçivəsində meşə və qeyri meşə fondu ərazilərində iqlimə və relyef şəraitinə uyğun müxtəlif növlü ağaclar əkilib. Prezident İlham Əliyevin sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir. BMT-nin tövsiyələrinə əsasən, ətraf mühitin qorunması və gender bərabərliyinin təmin edilməsi sıx kəsişən və prioritet məsələlərdən biridir, eyni zamanda ölkələrin iqtisadi və sosial inkişafına təsir göstərir.