Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar PROQNOZ


Digərləri 06 Dek 2019 08:26:00 116 0

Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar  PROQNOZ

Azərbaycanda son 48 il əzində qadınlar və kişilər arasında gözlənilən ömür uzunluğu göstəricisi artaraq ən yüksək həddə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, 1970-ci ildə Azərbaycanda qadınlar arasında doğulanda gözlənilən ömür uzunluğu göstəricisi 74,3 yaş olduğu halda, 2018-ci ildə bu göstərici 78,2-ə yüksəlib.

2018-ci ildə kişilər arasında gözlənilən ömür uzunluğu 1970-ci ildəki 66,8 yaş səviyyəsindən 73,3-ə çatıb. Ümumilikdə 2018-ci ildə əhali üçün gözlənilən ömür uzunluğu 75,8 yaş olub.

Azərbaycanda 2018-ci ildə doğulanlar üçün ən böyük ömür uzunluğunun Yuxarı Qarabağ iqtisadi rayonu üzrə olacağı gözlənilir. Həmin rayon üzrə ömür uzunluğu göstəricisi ölkə üzrə gözlənilən ömür uzunluğundan daha yüksəkdir. Bu iqtisadi rayonunun qadın əhalisi üçün ömür uzunluğunun 83,6 yaş, kişilər üçün 77,7 olacağı gözlənilir.

Adətən, uzunömürlülərin sayının çox qeydə alındığı Lәnkәran iqtisadi rayonunda qadınlar üçün gözlənilən ömür uzunluğu göstəricisi 77,5 yaş, kişilər üçün 73 yaş müəyyən edilib.

Bakı şəhəri üzrə isə qadınlar üçün gözlənilən ömür uzunluğu 78,1 yaş, kişilər üçün 74,1 yaş hesablanıb.

Ötən ilin məlumatlarına görə, Azərbaycanda əhali arasında sağlam ömür uzunluğu da çoxalıb.

2018-ci ildə qadınlar arasında sağlam ömür uzunluğu 68,1 yaşa, kişilər arasında 62,6-ə yüksəlib.