Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı (FOTO)


Digərləri 06 Dek 2019 00:57:33 171 0

Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə  Pirallahıda reallaşdırdı (FOTO)

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Pirallahıda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Muğam dünyasına səyahət” layihəsinin növbəti konsert proqramı keçirildi

Bakı. Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Pirallahıda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Muğam dünyasına səyahət” layihəsinin növbəti konsert proqramı keçirildi. Trend-in məlumatına görə, konsert proqramında Muğam Televiziya Müsabiqəsinin laureatları, gənc xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Məhəbbət Səfərovun “Bayatı Şiraz”, “Mahur”, “Şur” muğamlarından şöbələr və xalq mahnıları ilə çıxışları sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Tədbirin sonunda Mədəniyyət Mərkəzinin bədii hissə müdiri Esmira Aslanova çıxış edərək konsertin təşkilatçılarına təşəkkürünü bildirdi. Paytaxtdan uzaq ərazidə yerləşən Pirallahıda təşkil edilən konserti qəsəbə sakinləri üçün böyük bir hədiyyə kimi dəyərləndirdi. Tamaşaçılar sırasında məktəblilərin, gənc nəslin də olduğunu vurğulayaraq muğam sənətimizin gənc nəslə təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etdi. Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkilidir.