“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 05 Dek 2019 12:21:49 111 0

“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilib (FOTO)

“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilib

Bakı. Cari il 5-6 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilir. Agentlikdən Trend-ə bildirilib ki, tədbiri giriş sözü ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov və ÜƏMT-nın Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi açıb. Seminar iştirakçılarını salamlayan K.İmanov tədbirin mövzusunun aktuallığını qeyd edib və cənab Prezidentin məhkəmə-hüquq sistemindəki islahatları ilə bağlı olduğunu, bir tərəfdən dövlət başçısının məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət (ƏM) sahəsində apardığı islahatların dəstəklənməsi məqsədini daşıdığını bildirib. O, müstəqil inkişaf yollarını daim arayan və buna nail olan Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və müsbət inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb. Qeyd edilib ki, islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdədir, yeni dərc olunmuş “Doing Business - 2020” hesabatında isə ölkəmiz islahatçı 20 ölkə sırasına daxil edilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi – 2019” hesabatında Azərbaycan “qanunvericiliyin effektivliyi”nə görə 13-cü, “hökumətin dəyişikliklərə olan reaksiyası”na görə 5-ci və “hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə” görə isə 10-cu yerləri tutur. Agentliyin rəhbəri bu cür kardinal dəyişikliklərin Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını bildirib. Belə ki, son “Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə isə 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. “Rəqabətqabiliyyətlilik İndeksi”ndə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018-ci illərdə – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir. Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib. Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır. Çıxışına davam edən K.İmanov qeyd edib ki, bu ilin oktyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qəbul edilən və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb. Bildirilib ki, əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət etməlidir, cəsarətlə həyata keçirilən tədbirlərə dəstək olmasındadır, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaların seçilməsi və tətbiqindədir. Bununla da ƏM investisiyalarının cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevrilmək, öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaqdır. Bir sözlə, ƏM və innovasiyalı inkişaf cütlüyünə məxsus olan qarşılıqlı emercent effektivliyinə nail olmaqdır. Müasir dövrdə Azərbaycanın inkişafı, o cümlədən əqli mülkiyyət sahəsində imkan verir ki, yeni paradiqma, yeni baxış mövqeyindən diqqətimizi zamana uyğun olan əsas məqsədlərdən birinə – hüquqların müdafiəsinin təminatına (enforcement) yönəldək. Və bunun üçün dövlət başçısının təşəbbüsü ilə aparılan məhkəmə-hüquq sistemindəki islahatların dərinləşdirilməsi hüquqların təminatında yeni üfüqlər açır. Agentliyin rəhbəri vurğulayıb ki, ÜƏMT məhkəmə-hüquq sahəsində daha fəal olan dünya ölkələrinin ƏM sahəsindəki işlərə dair ən vacib məhkəmə qərarlarına həsr olunmuş yeni nəşrlərin ilk buraxılışını dərc etməyə başlayıb. “ÜƏMT-nın əqli mülkiyyət sahəsində məhkəmə qərarları Toplusu” adlı yeni nəşrlər seriyası təşkilatın Məhkəmə İnstitutu tərəfindən hazırlanır və müəyyən bir ölkə və ya mövzu nümunəsində ƏM-ə dair mübahisələrin həlli yanaşmalarını və tendensiyalarını təsvir etmək məqsədi daşıyır. K.İmanov qeyd edib: “ÜƏMT-nın Baş direktoru Frensis Qarri yeni nəşrə aid bildirib ki, ƏM-in müasir vəziyyətində “ixtiraçılar və ƏM ekosisteminin digər iştirakçıları həll olunmamış problemlərin nizamlanması üçün məhkəmələrə daha çox müraciət edirlər, bu da məhkəmə sisteminin ölkələrin ƏM normativ-hüquqi bazasının inkişafında və qlobal iqtisadiyyat çərçivəsində getdikcə daha vacib rol oynamağa başladığını göstərir”. O, hüquqların təminatı məsələsinin Əqli Mülkiyyət Agentliyinin diqqət mərkəzində olduğunu bildirərək Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın il ərzində müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olduğunu, onların əqli mülkiyyət məsələləri üzrə orta hesabla hər il 1500-dən artıq müraciət və sorğularına baxıldığını, qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərildiyini diqqətə çatdırıb. Agentliyin nümayəndələri 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayının 1-dək ümumilikdə 35 iş üzrə müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 120-dən çox məhkəmə iclaslarında iştirak etmiş, hər bir iş üzrə rəy bildirmişdir. Deməli, Agentliyin hüquqşünaslarının kifayət qədər məhkəmə təcrübəsi vardır. Bununla yanaşı, struktur islahatları çərçivəsində Agentlikdə kvazi məhkəmə - Apelyasiya Şurası yaradılıb və fəaliyyət göstərir. Bu ana qədər Apelyasiya Şurasına sənaye mülkiyyətinə aid 185 müraciət daxil olmuşdur, onlardan 164 işə münasibətdə artıq qərar qəbul edilmişdir. Daha sonda K.İmanov bildirib ki, məhkəmə-hüquq sistemində kardinal dəyişikliklər gözlənilir. Azərbaycan Respublikasının Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə aid fərmanının icrasına dair ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul olunaraq, islahatların institusional komponentlərini əhatə edir və bu dəyişikliklər 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. İslahatlara əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Bu dəyişikliklər cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiqlənib və qanunun tətbiqi ilə bağlı əlaqədar strukturlara tapşırıqlar verilib. Hal-hazırda yeni korpus hakimlərin mərhələli seçimi gedir. Noyabr ayında isə hazırlanmış ikinci qanunvericilik paketinə baxılıb. Nəzərdə tutulan qanun layihələri “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunlardan başlayaraq, ümumiyyətlə 11 qanunu əhatə edir. Qanunlarda dəyişikliklərin əsas məqsədi – vahid məhkəmə təcrübəsinin yaradılması və ədalət mühakiməsi həyata keçirilərkən, məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiqinin təmin edilməsidir.