Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirildi (FOTO)


Digərləri 05 Dek 2019 11:20:00 129 0

Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirildi (FOTO)

Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib.

Bakı. Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Proqramında 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın tədbirlər planına əsasən, yaxın illərdə baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub. Dövlət Proqramına əsasən baramaçılığın yem bazasının genişləndirilməsi, yeni tut (çəkil) bağlarının salınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından calaq olunmuş yüksək yarpaq çıxımına malik, iqlim şərtlərinə davamlı tinglərin gətirilməsi prosesi həyata keçirilir. Bu məqsədlə Çin Xalq Respublikasından Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib. Tinglərə Heydər Əliyev Hava Limanında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Bildirilib ki, tut tingləri müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylanacaq. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımının keyfiyyətli olması səbəbindən barama qurdundan əldə olunan məhsul da bazar rəqabətinə davamlıdır. Xatırladaq ki, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.