DMTnin baş katibi: Əvvəllər yüz ildə bir baş verən isti dalğalar və daşqınlar indi normaya çevrilir


Digərləri 04 Dek 2019 23:34:00 152 0

DMTnin baş katibi: Əvvəllər yüz ildə bir baş verən isti dalğalar və daşqınlar indi normaya çevrilir

Sibir və Alyaska da daxil olmaqla müxtəlif ərazilərdə meşələr yanır, buzlaqlar əriyir, okean suları isinir və turşlaşır, dənizin səviyyəsi qalxır...Bütün bunlar parnik qazlarının atmosferə emissiyasının nəticəsi olan qlobal isinmənin törətdiyi fəsadlardır. 2019-cu il isə yaddaşlarda ən isti il kimi qalacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Madriddə keçirilən iqlim konfransında müzakirə üçün hazırlanmış Dünya Meteorologiya Təşkilatının hesabatında yer alıb. 2019-cu ildə iqlim vəziyyəti ilə bağlı yekun hesabat isə gələn ilin martında təqdim ediləcək.

2019-cu il onilliyi görünməmiş istilərlə başa vurur

DMT-nin baş katibi Petteri Taalas yeni hesabatı təqdim edərkən deyib: "İqlim dəyişikliklərinin nəticələri hər gün ekstremal və anomal hava şəraitində özünü göstərir... Əvvəllər yüz ildə bir baş verən isti dalğalar və daşqınlar artıq normaya çevrilir. Dağıdıcı tropik siklonlar Baham adalarından tutmuş Yaponiya və Mozambikı qədər bir çox ölkələri cənginə alıb. Arktika və Avstraliyanın meşə yanğınları bürüyüb".

2019-cu il bəşər tarixinə ən üç isti ildən biri kimi daxil olacaq

DMT ekspertləri bildirirlər ki, planetimiz isinməyə davam edir. 2019-cu ilin yanvar-oktyabr aylarında orta qlobal temperatur sənayeləşməyə qədər dövrlə müqayisədə 1,1 dərəcə Selsi yüksək olub. 1980-cı illərdən etibarən hər gələn on il əvvəlkilərə nisbətən daha isti olub.

Petteri Taalas bununla bağlı vurğulayıb: "Əgər indi iqlim dəyişikliyi ilə bağlı təcili mübarizə tədbirləri görməsək, onda yüzilliyin sonunda bizi qlobal temperaturun 3 dərəcə Selsi artması gözləyir. Bu da Yer kürəsinin sakinləri üçün daha acınacaqlı nəticələrə gətirib çıxaracaq". O əlavə edib ki, Paris sazişinin məqsədlərinə nail olmaq üçün hələ ciddi tədbirlər belə görülməyib.

Yeni hesabatın müəlliflərinin qənaətinə görə, 2019-cu ilin bu dərəcədə isti keçməsi insan fəaliyyəti nəticəsində parnik qazlarının emissiyasının artması ilə əlaqədardır. Belə ki, 2018-ci ildə atmosferdə ən "uzunömürlü" olan karbon dioksidin emissiyası yeni maksimal səviyyəyə qalxıb və sənayeləşməyə qədər olan dövrlə müqayisədə 147 faiz artıb. Bu göstərici 2019-cu ildə də artmağa davam edib. Ekspertlər qeyd edirlər ki, CO2 atmosferdə əsrlərlə, okeanda isə daha çox qalır və müvafiq olaraq iqlim dəyişikliyinə səbəb olur.

Okean isinir, buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır

İstini və karbon qazını udaraq bufer rolunu oynayan okean daha çox zərərə məruz qalır. 2019-ci ildə okean sularının isinməsi rekord həddə çatıb. Eyni zamanda, indi okean sularının turşuluğunun səviyyəsi sənayeləşmə dövrünün başlanmasınadək olan vaxtdan 26 faiz artıqdır. Həyati əhəmiyyətli dəniz ekoloji sistemlərinin deqradasiyası baş verir.

Qrenlandiya və Antarktikanın buz qalxanlarının əriməsi nəticəsində dəniz səviyyəsi də sürətlə qalxır. Belə ki, 2019-cu ilin oktyabrında dünya üzrə orta səviyyə 1993-cü ildə aparılan altimetrik ölçmələrlə müqayisədə maksimum həddə çatıb.