“Ulduz” bədii filminin yenilənmiş versiyası təqdim olunub (FOTO)


Digərləri 04 Dek 2019 21:39:40 103 0

“Ulduz” bədii filminin yenilənmiş versiyası təqdim olunub (FOTO)

Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası tamaşaçılara təqdim olunub.

Bakı. Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası tamaşaçılara təqdim olunub. Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, tədbirdə film haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami Kinoteatrında “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb. Bildirilib ki, “Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filmini yüksək peşəkarlıqla bərpa edərək yenidən tamaşaçılara təqdim edir. Ekranda filmin bərpadan əvvəlki və sonrakı vəziyyəti nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev filmlərin bərpasının və qorunmasının çox vacib olduğunu bildirib. Deyib ki, hələ ilk filmlər çəkilməyə başladığı zamanlardan bu məsələ kino şirkətlərinin diqqətində olub. Bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılan “Ulduz” filminin elə ilk vaxtlardan böyük tamaşaçı marağına səbəb olduğunu söyləyən C.Quliyev bu ekran əsərinin Azərbaycan kino tarixində özünəməxsus yeri olduğunu vurğulayıb. O, “Balans” milli rəqəmsal studiyasının gördüyü işi yüksək qiymətləndirib və bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.