İncəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə çıxış ediblər


Sosial 04 Dek 2019 18:01:28 138 0

İncəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə çıxış ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə “Bərabərlik” adlı Qala konsert proqramı təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə “Bərabərlik” adlı Qala konsert proqramı təqdim olunub.

"Report" xəbər verir ki,Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə S.Babayev əlilliyi olan istedadlı insanların iştirakı ilə keçirilən bu konsert proqramının çox maraqlı, unudulmaz bir tədbir olduğunu, bu gözəl konsert proqramının iştirakçılarına və tədbirin təşkiində əməyi olanlara öz təşəkkürün bildirib.

O vurğulayıb ki, 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar hər il həmin şəxslərlə bağlı müxtəlif formatlarda tədbirlər keçirilir. Hələ 1990-cı illərdə Ulu öndərimiz Heydər Əliyev tərəfindən bu istiqamətdə tədbirlərin əsası qoyulub, həmin vaxtlardan da əlilliyi olan şəxslərin ümumrespublika səviyyəli bədii yaradıcılıq sərgi və baxış-müsabiqələrinin keçirilməsi artıq ənənəyə çevrilib.

S.Babayev qeyd edib ki, bu tədbirdə əlilliyi olan şəxslər bir daha istedad və qabiliyyətlərini nümayiş etdirirlər: "Bir daha sübut etdilər ki, əlillik qüsur deyil, öz üzərində çalışaraq, əzmini toplayaraq fiziki məhdudiyyət üzərindən daim irəliyə, uğurlara doğru irəliləyən insanlar üçün, əksinə, bir stimuldur. Onların hər birinin həyatı, güclü özünəinam hissi ilə daim uğurlar qazanmaq üçün əzmkarlıq göstərmələri neçə-neçə əlilliyi olan insanlar üçün bir örnəkdir".

Qeyd edək ki, muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsində 341 nəfər iştirak edib və münsiflər heyətinin qərarına əsasən onlardan 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb, 25 nəfər isə baxış-müsabiqənin qalibləri olub.

Qala konsertinin sonunda baxış-müsabiqəsi qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Tədbir bütün əlilliyi olan şəxslərin ifasında “Yaşa Azərbaycan” mahnısının ifası ilə yekunlaşıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək