Sofiyada keçirilən beynəlxalq xeyriyyə bazarında Azərbaycan mətbəxi və məhsulları nümayiş olunub (FOTO)


Digərləri 04 Dek 2019 14:01:03 134 0

Sofiyada keçirilən beynəlxalq xeyriyyə bazarında Azərbaycan mətbəxi və məhsulları nümayiş olunub (FOTO)

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş 25-ci xeyriyyə bazarında ölkəmizi təmsil edib.

Bakı. Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 25-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, bazarda iştirak edən səfirlik Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib. Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası və digər təamlar böyük marağa səbəb olub. Bazarda, həmçinin Azərbaycan istehsalı olan müxtəlif növ şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər ziyarətçilər tərəfindən həvəslə alınıb. Azərbaycan stendində, həmçinin milli mədəniyyətimizin vacib məqamlarından olan ənənəvi çay dəstgahı təşkil olunub. Ölkəmizdə çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə iştirakçılara məlumat verilib. İzləyicilər Azərbaycanın çay dəstgahı ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Ölkəmizə aid şəkillər məcmuəsi, açıqcalar, suvenirlər, o cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Builki xeyriyyə bazarında səfirlik iki stendlə iştirak edib. Belə ki, ənənəvi stendlə yanaşı, ikinci stenddə zəngin tarixi və mədəniyyəti ilə seçilən Azərbaycan paytaxtının gözəlliklərini əks etdirən və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə əlaqədar muxtar respublikasının əlamətdar yerlərini təsvir edən şəkillərdən ibarət foto-sərgi təşkil edilib.