Bakıda Hotel Assosiasiyasının İkinci Baş Assambleyası keçirilir


Digərləri 04 Dek 2019 11:24:50 85 0

Bakıda Hotel Assosiasiyasının İkinci Baş Assambleyası keçirilir

Dekabrın 4-də Bakıda Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilir

Dekabrın 4-də Bakıda Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilir.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə təqdim olunması, milli ulduz təsnifat sistemi ilə əlaqədar planların açıqlanması, 2020-ci il üzrə nəzərdə tutulan strategiya, eyni zamanda hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsidir.

Assambleyada çıxış edən Assosiasiyanın prezidenti Martin Klaynman rəhbərlik etdiyi təşkilatın ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.

O, qonaqpərvərlik sənayesindəki mövcud çətinliklər və fürsətlərdən bəhs edərək təşkilatın 2019-cu il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Martin Klaynman hotel sənayesinin inkişafında dövlət qurumları ilə birgə fəaliyyətin səmərəliliyindən söz açaraq Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda Azərbaycan Turizm Bürosunun dəstəyini xüsusi vurğulayıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid çıxışında qarşıya qoyulan məqsədlər arasında hotel və qonaqpərvərlik sənayesinin inkişaf etdirilməsinin yer aldığını qeyd edib.

Florian Zenqstşmid Assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir zamanı “Milli ulduz təsnifatı”, “Hüquqi qanunvericilik, Turizm qanunu, təsnifat və reyestr”, “Qonaqpərvərlik sənayesində rəqabət və gəlirlilik”, " Turizm məhsulu perspektivləri”, “Qonaq şikayətlərinin idarəsi” və s. mövzular üzrə azərbaycanlı və xarici mütəxəssislərin fikirləri dinləniləcək.

Assambleya çərçivəsində BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun Kür II Proqramının “H2Otel Suya Qənaət Mükafatları” adlı layihəsinin qalibləri mükafatlandırılacaq.

Xatırladaq ki, layihə əsasında dekabradək innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə edərək ən az su sərfiyyatı edən hotellər təltif ediləcək.