Daxili qanaxma nədir? Əlamətləri,


Digərləri 03 Dek 2019 23:35:00 125 0

Daxili qanaxma nədir?  Əlamətləri,

Daxili qanaxma qanın orqanizmin təbii boşluqlarına (mədə, sidik kisəsi, uşaqlıq, ağciyərlər, oynaq boşluğu və s.) axması, yaxud axmış qanın yaratdığı süni boşluğa (retroperitoneal, əzələlərarası və s.) toplanması ilə xarakterizə olunan vəziyyətdir.

Son.az medicina.az-a istinadən bildirir ki, travmalar və xroniki xəstəliklər nəticəsində inkişaf edə bilər. Daxili qanaxmanın simptomları onun lokalizasiyasından və itirilən qanın həcmindən asılıdır. Adətən, onlar başgicəllənmə, zəiflik, yuxululuq, huşun itirilməsi və s. kimi ümumi xarakter daşıyır. Xarakterik əlamətləri olmadığından daxili qanaxmanın diaqnostikası çox çətindir. Klinik halların çoxunda xəstənin həyatı üçün təhlükə törədir.

Daxili qanaxmanın bir neçə təsnifatı mövcuddur:

-İtirilmiş qanın həcminə əsasən: yüngül və ölümcül

-Zədələnməş damarın xarakterindən asılı olaraq: arterial, venoz, kapilyar və qarışıq (məs., arteriyadan, venadan və ya venadan və kapilyardan)

-Sızmış qanın toplandığı yerdən asılı olaraq: boşluq (plevral, periton və s. boşluqlar) və toxumadaxili (toxumaları qidalandıran damarlardan toxumanın içərisinə)

-Aşkar qanaxma əlamətlərinin olub-olmamasından asılı olaraq: aşkar və gizli formalar. Aşkar formada qan hətta bir müddət sonra və dəyişilmiş şəkildə olsa belə təbii dəliklərdən "çıxır"; məs., nəcisi qara rəngə boyayır. Gizli formada isə qan bədənin daxilində qalır.

-İnkişaf müddətindən asılı olaraq: birincili və ikincili. Birincili forma damar divarının travmatik zədələnməsindən dərhal sonra yaranır; ikincili forma isə travmadan bir müddət sonra inkişaf edir.

Səbəbləri Daxili qanaxmanın səbəbi həm travma, həm də xroniki xəstəliklər ola bilər. Qarın boşluğuna massiv, həyati təhlükəli posttravmatik qanaxmaya qarnın küt travmaları nəticəsində dalaq və qaraciyərin, nadir hallarda mədəaltı vəzin, bağırsaqların və ya mezenteriumun (zərbə, hündürlükdən yıxılma, avtomobil qəzaları və s. zamanı) zədələnməsi səbəb ola bilər.

Plevral boşluğa qanaxma, adətən, qabırğaların çoxsaylı sınıqları zamanı qabırğaarası damarların və plevranın zədələnməsi nəticəsində inkişaf edir. Tək-tük hallarda onun səbəbi 1-2-ci qabırğaların sınıqları olur. Bundan əlavə oynaq boşluğuna qansızma həm oynaqdaxili sınıqlar, həm də zədələnmələrin nəticəsi ola bilər. Həyat üçün birbaşa təhlükə törətmir, lakin müalicə olunmadıqda ciddi ağırlaşmalara səbəb ola bilər.