Litva ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)


Digərləri 03 Dek 2019 22:59:56 101 0

Litva ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev Litvanın ölkəmizə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Egidijus Navikasla görüşüb.

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Litvanın ölkəmizə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Egidijus Navikasla görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, ilk öncə nazir qonağı yeni təyinatı ilə əlaqədar təbrik edərək, gələcək fəaliyyətində uğurlar diləyib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edən Ə.Qarayev 2009-cu ildə Bakı şəhərinin “İslam Mədəniyyəti Paytaxtı” və Vilnüs şəhərinin “Avropa Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar iki ölkə arasında mədəniyyətlərarası dialoq kontekstində mühüm mədəni tədbirlərin həyata keçirildiyini xatırladıb. Eyni zamanda, Litvanın ölkəmizdə mütəmadi olaraq təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarında aktiv iştirakından məmnunluğunu dilə gətirib. Bundan əlavə, Ə.Qarayev 2014-cü ildə Litva Respublikasına səfəri çərçivəsində mühüm görüşlər keçirdiyini və bunun nəticəsində bir sıra müştərək tədbirlərin həyata keçirildiyini bildirib. Səfir E.Navikas öz növbəsində Ə.Qarayevə təbriki və səmimi qəbuluna görə təşəkkür edərək, əməkdaşlığın inkişafı üçün çox gözəl perspektivlərin olduğu fikri ilə tam razı olduğunu bildirib. Litvanın ölkəmizdəki səfirliyi tərəfindən bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirən səfir, bu məsələdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyinə ümid etdiyini vurğulayıb.