Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb


Digərləri 03 Dek 2019 20:38:24 118 0

Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb

Əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılması baxımından vacib məqamlardan biri də şəhər nəqliyyatının əlçatan olmasıdır.

Bakı. Samir Əli - Əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılması baxımından vacib məqamlardan biri də şəhər nəqliyyatının əlçatan olmasıdır. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə fiziki mühit və nəqliyyat xidmətlərdən istifadəsinin təmin olunması məqsədi ilə dövlət başçısı tərəfindən Bakı Nəqliyyat Agentliyi qarşısında müvafiq tapşırıqlar qoyulub. Ötən dövrdə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı bir sıra layihələr icra edilib. Prezidentin əlilliyi olan vətəndaşlarımıza yönəlik sosial siyasətin tərkib hissəsi olan bu tədbirlər şəhərimizin nəqliyyat sistemində bir ilk olaraq dəyərləndirilməkdədir. Nəqliyyatda müyəssərliyin təmin olunması ilə bağlı ilk addım “BakuBus” MMC-nin yaradılması və bu çərçivədə əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğun avtobusların gətirilməsi ilə atıldı. İlkin mərhələdə şəhərimizdə 300 belə avtobus var idisə qısa zamanda bu tip nəqliyyat vasitələrini sayı 500-ə çatdırıldı. Ölkə başçısının avtobus parkının yenilənməsi məqsədi ilə imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd müasir avtobusları da əlavə etdikdə bu rəqəm daha da artmış olur. Müyəssərliyin olması sərnişin avtobusları üçün müəyyən olunan tələblərdə əsas faktor olaraq göstərilmişdir. Nəqliyyatda əlçatanlıqdan danışarkən diqqət yetirilməli olan vacib məqamlardan biri də piyada infrastrukturunun uyğun olmasıdır. Bu məqsədlə piyada səkilərində eynisəviyyəli piyada keçidlərində pandusların quraşdırılmasına başlanıldı. Son statistikaya əsasən hazırda Bakı şəhərində 130-dan küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb. İlkin mərhələdə bu işlər mərkəzi küçə və prospektlərdə icra olundu. Hazırda mərkəzdən kənar ərazilərdə, əlilliyi olan şəxslərin daha çox üz tutuğu sosial reablitasiya mərkəzləri ətrafında uyğun şəraitin yaradılması istiqamətində iş aparılır. Pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılıb. Dövlət başçısının əlçatanlıqla bağlı Agentliy qarşısında qoyduğu tapşırıqların icrası çərçivəsində reallaşdırılan daha bir layihə isə görmə imkanları məhdud vətəndaşlarımızla bağlıdır. Artıq 5 küçədə piyada səkisi boyunca taktil döşəmələri vurulub. Şəhərimizin ictimai nəqliyyat sistemində yenilik hesab edilən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də müyəssərlik tam formada təmin edilib. İstər perronlarda, istərsə də park ərazisində taktil döşəmələr vurulub.