Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub (FOTO)


Digərləri 03 Dek 2019 20:28:00 137 0

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub (FOTO)

Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının imza günü və təqdimatı keçirilib.

Bakı. Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının imza günü və təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimatda "Sirlərin sərgüzəşti" sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə edilən özəlliklər haqda söhbət açılıb. Tədbiri mərkəzin direktoru Günel Anarqızı açaraq bildirib ki, müəlliflə bu növbəti görüşdür. Qeyd edib ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Hər bir kitab dünyaya gələndə bir övlad kimi gəlir. Müəllif bu övladına olduqca həssaslıqla yanaşıb. Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə aləmə aparır. Roman Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir əsərdir. Ümid edirəm ki, "Sirlərin sərgüzəşti" çoxlarının masaüstü kitabına çevriləcək”. Yazıçı-publisist Səyyad Aran, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, roman xronotopik baxımdan o qədər əngin və zəngin universal xüsusiyyətlərə malikdir ki, bu məkan və zamanlarda gəzişmək fövqəlbəşər Həsən Səyyah üçün heç bir maneə yaratmır. O, istənilən zamana və məkana zühur edə və sirr çözülənə qədər orada səyyah ömrü yaşaya bilir. "Sirlərin sərgüzəşti" romanı arxetiplərin həm obraz, həm kompozisiya, həm də dili baxımından tüğyan etdiyi bir ədəbi bütövdür. Məlikməmmədi zülmətdən qurtaran, Səidə məsləhət verən, ona əhvalatlar danışan ("Tutinamə"), Robinzona həmdəm olan, Cimin çiynindən düşməyən ("Dəfinələr adası") tutuquşu - quşların insanlardan gizli saxladığı (təkcə Süleymana agah olan) sirrini faş edən tutuquşu özlüyündə ikiləşmənin, eyni zamanda həm quş, həm insan ola bilmənin, paralel yaşamın simvolu kimi bu romana da yansımışdır. Həsən müəllim eyni zamanda həm real, həm də irreal zaman və məkanda ola bildiyi kimi, romandakı tutuquşu da eyni zamanda həm diri, həm də ölü müqəvva ola bilir.