Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans keçirilib (FOTO)


Digərləri 03 Dek 2019 16:51:00 131 0

Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans keçirilib (FOTO)

Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans keçirilib

Bakı. Noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu məqsədlə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Akerin başçılıq etdiyi, Assosiasiyanın üzvlərindən Ali Hancerlinin, Nurhan Günsevin, Nik Nvolisanın daxil olduğu nümayəndə heyəti noyabrın 30-dan dekabrın 2-dək Muxtar Respublikada səfərdə olublar. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Şuranın sədr müavini Umud Rəhimoğlunun, İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin də qatıldıqları tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyində olublar. Burada onlara muzeydəki eksponatlar, Heydər Əliyevin həyat yolunun müxtəlif istiqamətlərinə dair ətraflı məlumat verilib. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi ilə yaxından tanış olmuş konfrans iştirakçıları universitet televiziyasına müsahibə veriblər. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə isə gənclərə müasir dövrdə medianın fəaliyyət tərəflərindən ətraflı söhbət açılıb, dünyada Mətbuat Şurası institutunun missiyasının önəmli cəhətlərinə nəzər salınıb. Burada həmçinin MŞ İdarə Heyətinin üzvü Rəşad Məcidin yeni çapdan çıxmış kitablarının imza günü də keçirilib. *** Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilmiş “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusundakı beynəlxalq konfransı Muxtar Respublika Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli açaraq bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da kütləvi informasiya vasitələrinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Ötən illər ərzində mediaya göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikada peşəkar jurnalist ordusu formalaşıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, Assosiasiya 1992-ci ildə ABŞ-ın müxtəlif ştatlarının, Türkiyənin, Hindistanın, Pakistanın, Banqladeşin, Nigeriyanın, Nepalın, Tanzaniyanın və digər ölkələrin jurnalistlərinin birgə yaratdıqları təşkilatdır. 2003-cü ildə təsis edilmiş Azərbaycan Mətbuat Şurası 2005-ci ildən həmin qurumun üzvüdür. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının məqsədi üzv ölkələrdə, habelə dünyada söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqətdə saxlamaqdan, bununla əlaqədar hökumətlərə tövsiyələr ünvanlamaqdan ibarətdir. Qurum həmçinin jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini də təhlil edir, mövcud istiqamətdəki standartların tədbiqinə dəstək olur. Ə.Amaşov çıxışında həmçinin vurğulayıb ki, 2019-cu il üçün Assosiasiyanın toplantısı Bakıda keçirilib. Həmin tədbirdə ümumilikdə 40-dan çox nümayəndə iştirak edib. Toplantı çərçivəsindəki müzakirələrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Mətbuat Şurasının da assosiasiyaya inteqrasiyası ilə əlaqədar ideya yaranıb. “Çox şadam ki, biz bu gün bu ideyanı keçirdiyimiz konfransla gerçəkləşdiririk. Tədbirin təşkilinə göstərdəiyi dəstəyə, həssas münasibətə görə Naxçıvan Muxtar Respublikasının ali rəhbərliyinə təşəkkürümüzü bildiririk”, - deyən Ə.Amaşov konfransın qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəbəri Melek Sule Aker bildirib ki, informasiyanın getdikcə daha qlobal mahiyyət daşıdığı dünyamızda söz və ifadə azadlığı kimi dəyərlərin qorunması çətin prosesə çevrilməkdədir. Çətinlik bir tərəfdən internetin verdiyi imkanlardan sui-istifadə ilə bağlıdırsa, digər yandan sahənin özünün dinamik xarakteri nəzərə çarpır. Belə durumlarda müəyyən birliklərin bu kimi məsələləri gündəmə gətirməsi, beynəlxalq ictimaiyyətin diqqətini çəkməsi son dərəcə vacibdir. Ümumdünya Mətbuat Şuraları Assosiasiyası da məhz bu mərama xidmət edən qurumdur. M.S.Aker rəhbərlik etdiyi assosiasiyanın gələcəkdə Naxçıvan Mətbuat Şurası ilə sıx əməkdaşlıq şəraitində çalışması üçün konfansın mühüm zəmin yaratdığını dilə gətirib.