“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər nə vəd edir?


Digərləri 03 Dek 2019 16:20:00 128 0

“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər nə vəd edir?

Milli Məclisin 03 dekabr 2019-cu il tarixində keçirilən plenar iclasında "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Qanun) dəyişikliklər qəbul edilib.

Son.az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək.

Qanuna görə 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, misal üçün vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Qanuna əsasən dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur.