Aqrar Tədarük və Təchizat Gəncə Regional İdarəsinin anbarında mediatur keçirib (FOTO)


Digərləri 03 Dek 2019 11:36:00 171 0

Aqrar Tədarük və Təchizat Gəncə Regional İdarəsinin anbarında mediatur keçirib (FOTO)

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" (AAT) Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional İdarəsinin anbarında media işçiləri üçün "Açıq qapı" günü təşkil olunub.

Bakı. Ceyhun Ələkbərov - Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" (AAT) Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional İdarəsinin anbarında media işçiləri üçün "Açıq qapı" günü təşkil olunub. Trend-in məlumatına görə, məqsəd media işçilərini və ictimaiyyəti AAT-nin əsas vəzifəsi olan satınalan dövlət qurumlarının qida məhsulları ilə təchizatı prosesi və proses müddətində ərzaq təhlükəsizliyinin təminatının təşkili ilə tanış etmək olub. Anbarda jurnalistlərə Gəncə Regional İdarəsinin iş prinsipi barədə məlumat verilib, onlar ərzaq məhsullarının saxlanma şəraiti və yük maşınlarına yüklənmə prosesi ilə yaxından tanış olublar. Jurnalistlərin suallarını cavablandıran ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov idarənin Gəncə şəhəri və ətraf rayonlarda, ümumilikdə, 125 dövlət qurumunun ərzaq təchizatını həyata keçirdiyini bildirib. "Gəncə Regional İdarəsi Gəncə şəhəri daxil olmaqla Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarına aid müxtəlif satınalan dövlət qurumlarını kənd təsərrüfatı və ərzaq məhsulları ilə təchiz edir. Bu qurumlar içərisində böyük üstünlüyü bağçalar təşkil edir. Belə ki, region üzrə 92 bağçanı qida məhsulları ilə təchiz edirik. Təchizat prosesi hər müəssisənin tələbnaməsinə uyğun olaraq ay ərzində iki dəfə 3 gün müddətində baş tutur və ümumilikdə 125 adda 250 ton məhsulun təchizatı təşkil olunur. Məhsullar anbara daxil olduğu zaman keyfiyyətə nəzarət edən mütəxxəssislər tərəfindən yoxlamadan keçirilir”, – deyə R.Kərimov qeyd edib. Daha sonra isə jurnalistlər ATT tərəfindən ərzaq məhsulları ilə təchiz olunan 32 saylı körpələr evi-uşaq bağçasına baş çəkiblər. Onlar burada ərzaq məhsullarının təhvil-təslim prosesini izləyiblər. Jurnalistlərə açıqlama verən bağça müdiri Sahilə Hüseynova hazırda 33 adda qida məhsulu tədarük etdiklərini vurğulayıb.