“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib (FOTO)


Digərləri 02 Dek 2019 20:25:44 143 0

“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib (FOTO)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.

Bakı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə UNİCEF-in və Agentliyin nümayəndələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (Nazirlik) məsul əməkdaşları, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının, aidiyyəti dövlət, qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirdi: "Biz UNICEF olaraq hesab edirik ki, informasiya-kommunikasiya texnologiyalarının gündən-günə inkişaf etdiyi bir dünyada yeniliklərə doğru irəliləmək çox vacibdir və yeni yanaşmalardan istifadə edərək zəruri xidmətlərə çıxışı artırmaq, həyat qurtaran məlumatları çatdırmaq ən öndə duran məsələlərdən biridir. Bu səbəbdən sağlamlıq haqqında vacib məlumatları hamilə qadınlara çatdırmaq üçün bir araya gələn Agentliyin, Nazirliyin və mobil operatorların tərəfdaşlığına çox şadıq”. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev öz növbəsində ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində aparılan islahatlardan söz açıb və uşaq sağlamlığının qorunmasının Agentliyin diqqətində olan mühüm məsələlərdən biri olduğunu vurğulayıb. O həmçinin SMS maarifləndirmə üzrə pilot layihənin ana və hamilə qadınların bilik, vərdiş və davranışlarında müsbət dəyişikliklərə, tibb işçiləri ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə səbəb olduğunu bildirib. Bundan sonra, SMS ismarıc paketini almış hamilə qadınların, layihə icraçılarının layihə ilə bağlı təəssüratlarından bəhs edən videofilm nümayiş olunub. Tədbirin davamı olaraq, layihənin koordinatoru, UNİCEF-in İnnovasiya və Texnologiya üzrə mütəxəssisi Rüstəm Cabbarov layihənin ilkin mərhələsinin nəticələrini təqdim edib. O həmçinin layihənin tətbiqi ilə bağlı Mingəçevir şəhərində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində qeydiyyat sisteminin qurulması və göstərilən xidmətin keyfiyyətinin yoxlanılması məqsədilə icra olunan tədbirlər haqqında ətraflı məlumat verib. İştirakçılara bildirilib ki, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanması da layihənin hədəflərindən biridir. Bu məqsədlə ismarıc paketini almış hamilə qadınların bilik və vərdişlərində yaranmış dəyişiklikləri müəyyən etmək üçün oktyabr -noyabr aylarında 273 abunəçi arasında telefon sorğusu keçirilib. Sorğular nəticəsində məlum olub ki, 62 faiz sorğuçu ona göndərilmiş SMS-lərdən ən azı birini xatırlayır. SMS-lərdən sonra vərdiş və davranış dəyişikliyi 30.8 faiz təşkil edib. Hamilə qadınların ən çox xatırladıqları mövzular ana südü, keysəriyyə kəsiyi və müayinə həftələri ilə bağlı olub.