"Əgər mükəmməl ola bilməsən, bu sənət səni məhv edəcək" Keçmişdəki mən FOTO


Kriminal 01 Dek 2019 22:44:00 157 0

"Əgər mükəmməl ola bilməsən, bu sənət səni məhv edəcək"  Keçmişdəki mən  FOTO

Bəhram Osmanov: "İnstitutu bitirəndə, gördüm ki, 9-a yaxın bütöv tamaşa hazırlamışam"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

"Valideynlərim teatra olan marağımın keçici olacağını düşünürdülər. Çünki onlar mənim daha hörmətli bir peşəyə yiyələnməyimi istəyirdilər. Amma teatrın sehri məni özünə cəlb etmişdi. O sehrin təsiri altına düşdüyüm gündən sonra məktəbdə öyrəndiyim hər şeyi yadımdan çıxardım".   Bu sözləri bizimlə söhbətində Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov söylədi. Onunla söhbətimiz əsnasında rejissorun uşaqlıq, gənclik illərinə nəzər saldıq.   1962-ci ildə Gəncə şəhərində anadan olan müsahibim deyir ki, uşaqlıq illəri onun üçün maraqsız keçib: "Gəncə mənim ata-baba yurdumdur. Atam, babam və böyük babalarım da bu şəhərdə dünyaya göz açıb. Amma hamıdan fərqli olaraq, yaşadığım mühit və sovet dövrünün reallıqları mənim üçün maraqsız gəlirdi. Ailədə 3 uşaq idik. Mən sakit təbiətli uşaq olmuşam. O illəri indi çətinliklə xatırlayıram. Valideynlərimin hər ikisi işləyirdi. Bütün valideynlər kimi mənim atam, anam da vətənə layiq övlad yetişdirməyə çalışırdılar".   Ən böyük əyləncəm kitab oxumaq idi   Müsahibim deyir ki, həmyaşıdlarından fərqli olaraq heç bir əyləncəyə, oyunlara marağı olmayıb: "Hələ uşaq vaxtından cəmiyyəti, ətraf mühiti öyrənmək istəmişəm. O dövrdə Gəncədəki uşaqların əksəriyyəti davakar idi. Sakit təbiətli biri olsam da, ətrafımda hər şeydən xəbərdar idim. Bəzən elə olurdu ki, mən də davalara qoşulurdum. Məktəb illərində ancaq dərsdən çıxıb evə gəlirdim. Bəlkə də, bu, mənim xarakterimdən irəli gələn bir şey idi. Ən böyük əyləncəm kitab oxumaq idi. O dövrdə müxtəlif dərnəklər, rəsm, idman dərsləri keçirilirdi. Bütün dərnəklərə yazılsam da, bir aydan sonra marağım itirdi. Teatrla tanış olduğum günə qədər çox yaxşı şagird idim. Dərslərimə hər zaman hazırlıqlı olurdum".   Rejissorun teatra marağı isə tamamilə təsadüf nəticəsində yaranıb: "Məktəb illərində "Qəribə dilənçi" adlı bir tamaşaya baxmışdım. Uzun illər sonradan öyrəndim ki, bu, Polşa tamaşasıdır. Bu tamaşada dəhşətli bir sehr məni özünə cəlb etmişdi. Artıq məndə teatr sənətinə böyük sevgi yaranmışdı. 6-cı sinifdə Gəncə Dövlət Dram Teatrında uşaq rolları oynamağa başlamışdım. Bir müddət sonra isə artıq böyük aktyorlarla birgə səhnəyə çıxdım. Ən böyük arzum aktyor olmaq idi. Valideynlərim isə bu marağımın keçici olacağını düşünür, əyləncə kimi qəbul edirdilər. Amma teatra marağım yaranandan sonra öyrəndiyim hər şeyi yadımdan çıxardım. Valideynlərim mənim daha hörmətli bir peşəyə yiyələnməyimi istəyirdilər. Amma günlərin bir günü "Bir baxış" tamaşasını izlədikdən sonra məndə təlatümlər yarandı. Beləliklə, rejissor olmağa qərar verdim. İstedadlı və zəhmətkeş aktyorların tərəfində olan bir rejissor olmaq istəyirdim. Məqsədim Moskvada təhsil almaq idi. Amma valideynlərim bu dəfə də istəyimə qarşı çıxdılar".

Düşünürdüm ki, bu iş məndə alınacaq   Valideynlərinin narazılığına görə, həmsöhbətim Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub: "Məktəb illərindən fərqli olaraq tələbəliyim çox maraqlı keçdi. Çünki o dövrdə özümü sərbəst və azad hiss edirdim. O illərdə Bakıda yataqxanada yaşayırdım. İnstitutun binası Malakan bağının yaxınlığında yerləşirdi. Ustad sənətçilərlə həm müəllim-tələbə, həm də dost münasibətimiz var idi. İnstitutumuzun pedaqoji heyəti çox güclü idi. Orada hamı bir-birini tanıyırdı. Timuçin Əfəndiyev o dövrdə teatr sənəti fakültəsinin dekanı idi. Timuçin müəllim təşkilatçı və institut rəhbəri kimi böyük işlər görüb. Mehdi Məmmədov bizim kafedra müdirimiz idi. Məşhur rejissor Nəsir Sadıqzadə kurs rəhbərim oldu. O, həm də mənim ən yaxın dostlarımdan biri idi. Yaş ötdükcə onlara olan hörmətim daha da artır. Çünki onlar mənə heç bir qadağa qoymamışdı. Tələbə vaxtı hər zaman tədris proqramından irəli gedirdim. İkinci kursda oxuyanda 10-15 dəqiqəlik rejissor parçası hazırlamaq əvəzinə, bütöv tamaşalar hazırlayırdım. Kurs tamaşalarıma komsomol təşkilatının rəhbərləri gəlib baxırdılar. İnstitutu bitirəndə gördüm ki, artıq 9-a yaxın bütöv tamaşa hazırlamışam. Bu, bir tələbə üçün çox yaxşı göstərici idi. Həmin tamaşalar haqqında bu günün məşhur tənqidçiləri rus və Azərbaycan dillərində böyük resenziyalar yazırdı. Onlar gənc bir tələbənin hazırladığı tamaşada axtardıqları konseptuallığı tapdıqlarını yazırdılar. Əlbəttə, bu, məni çox sevindirirdi. Düşünürdüm ki, bu iş məndə alınacaq. Hətta valideynlərim teatra gəlməyimi istəməsə də, sonradan bununla razılaşmalı oldular".   Boş vaxt tapan kimi kitab oxuyurdum    İnstitutu bitirən müsahibim 1985-ci ildə hərbi xidmətə yollanır: "Hərbi xidmətim Dağıstanda olsa da, Şimali Qafqazın bütün şəhərlərini gəzdim. Amma hərbi xidmət illərim çox darıxdırıcı idi. Yaxşı ki, orada böyük bir kitabxana var idi. Gecələr boş vaxt tapan kimi kitab oxuyurdum. Bədii ədəbiyyat oxumaqdan böyük zövq alırdım. Sən demə, hərbi xidmətə gedəndə məni axtarırmışlar. Xalq artisti Qurban İsmayılov mənə yazıb demişdi ki, səni Mərkəzi Komitədən axtarırlar. Çünki həmin ərəfədə yenidənqurma siyasəti aparılırdı. Onlara yeni nəsli gənc nümayəndələri lazım idi. 1987-ci ildə Bakıya qayıtdım. Mərhum aktyorumuz Həsənağa Turabov Akademik Milli Dram Teatrın direktoru idi. Mənim diplom tamaşamı izləmişdi və məni teatrda işləməyə dəvət etdi. Beləcə, Akademik Milli Dram Teatrında 23 illik fəaliyyətim başladı".   Akademik Milli Dram Teatrından ayrıldıqdan sonra Bəhram Osmanov 3 il işsiz qalır, amma bu müddətdə sənətdən uzaqlaşmır: "Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri idim, ölkə hüdudlarından kənara çıxmağa başlamışdım. Məni Rusiyanın müxtəlif şəhərlərinə rejissor laboratoriyalarına dəvət etdilər və tamaşa hazırlamağımı istədilər. O üç il ərzində azad və sərbəst bir sənətçi ömrü yaşadım. 3 ildən sonra Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin olundum və artıq 7-ci mövsümdür ki, burada işləyirəm. Teatrımızın çox maraqlı truppası var. Teatrı və tamaşanı həqiqətən sevən istedadlı aktyorlarla birgə işləyirik. Mənə elə gəlir ki, Gənc Tamaşaçılar Teatrı özünün ən parlaq dövrünü indi yaşayır".