"Sənədli filmlərin hər zaman öz tamaşaçısı olub"


Kriminal 01 Dek 2019 20:40:00 138 0

"Sənədli filmlərin hər zaman öz tamaşaçısı olub"

Mütəxəssislər kinonun bu növünə az tələbat olması fikri ilə razılaşmırllar

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dünya kinosunun əsası sənədli-xronikal kadrlarla qoyulub. Belə ki, müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların bir film formatına gətirilməsi sənədli filmi ortaya çıxarıb. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaranıb. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar olmaqla, xalis informasiya xronikalarından bəhs edir. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. Bəs görəsən Azərbaycanda sənədli filmlər hansı səviyyədədir? Ümumiyyətlə, sənədli filmlərin izləyicisi varmı?

Bəzən deyirlər ki, bizdə sənədli filmlərdə balanslaşdırılma düzgün aparılmayıb. Bu film növünün auditoriyası düzgün seçilmədiyindən, kinonun bu növü sevilmir, baxılmır və televiziyalarda nümayiş olunduqda, reytinq toplamır. Yəni, təbiəti çəkən rejissorla tarixi çəkən rejissor eyni cür düşünə bilməz və düşünməməlidir də. Hər əlinə kamera alan da özünü sənədli film rejissoru kimi təqdim edir. Halbuki, sənədli film rejissoru araşdırma qabiliyyətinə malik olmalıdır. Bəzən isə televiziya filmi ilə sənədli film səhv salınır. Diplomlu rejissorlar telefilm çəkib, adını sənədli film qoyurlar. Əgər rejissor bir film çəkirsə, onu hansı auditoriya üçün çəkdiyini, nə istədiyini, nə gözlədiyini bilməlidir. Müşahidə isə sənədli filmin əsas qoludur. Amma rejissorlar çox az hallarda bunun fərqinə varırlar.

Ekspertlərimiz isə qeyd edir ki, sənədli film çəkmək üçün hər şeydən öncə istək və təcrübənin olması önəmlidir.    "Televiziyada ən çox pul aparan sahə sənədli filmlərdir"   Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü Tahir Tahiroviç bildirir ki, hazırda bizdə daha çox televiziyalar sənədli filmlərin istehsalı ilə məşğul olur: "Sənədli kinonun bazası son 50-60 ildə "Aztelefilm" yaradıcılıq birliyinin üzərinə düşürdü. Təəssüflər olsun ki, "Aztelefilm" yaradıcılıq birliyi fəaliyyətini redaksiya səviyyəsinə endirib. Bu qurum Azərbaycan Dövlət Televiziyasının binasında yerləşirdi. 2000-ci illərin əvvəllərində "Lider" televiziyası bu işlə məşğul olurdu. Bunlar daha çox film  istehsalı ilə məşğul olan təşkilatlar idi. Mütəmadi olaraq televiziyalarda praymtime vaxtlarda həmin sənədli filmlər göstərilirdi. Daha sonra bu işi "Carçı film" davam etdirdi. ARB şirkətinin nəzdində olan "Aranfilm" mərkəzi son 3 ildə sənədli filmlərin istehsalı ilə məşğuldur. Bu günün tamaşaçısı sənədli filmləri televiziyadan izləyir. Televiziyalara gəldikdə isə, İctimai Televiziya və Mədəniyyət kanalını çıxmaq şərti ilə heç bir telekanal xüsusi olaraq sənədli filmə yer ayırmır. Mədəniyyət Nazirliyinin "Salnamə" kinostudiyası birbaşa bu işlə məşğuldur. Ancaq onlar da kütləvi istehsalla məşğul deyillər. Belə ki, ildə 5-6 sənədli film istehsal edirlər. Həmin filmlərin də nümayişi ancaq "Nizami"  Kino Mərkəzində baş tutur. Bununla da iş bitir".

Rejissor qeyd edir ki, bu günün tamaşaçısı istədiyi vaxt Youtube üzərindən sənədli film izləmə imkanına malikdir: "Televiziyada ən çox pul aparan sahə sənədli filmlərdir. Çünki sənədli film kollektiv sənətdir. Burda əsas məsələ yaradıcılıq olduğuna görə, çox pul tələb edir. Televiziyalarda isə bu, birbaşa rəhbərliyə bağlıdır. Rəhbərlik sənədli filmi sevirsə, çəkiləcək, sevmirsə, məlum məsələdir".    "Rejissorların sənədli filmlərə yanaşması fərqli ola bilər"   Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Müəllif proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca bildirir ki, sənədli filmlərin hər zaman öz tamaşaçısı olub: "Dünya kino industriyasında da sənədli filmlər sevilərək izlənilir. Azərbaycanda da kifayət qədər sənədli filmlər çəkilir. Hansı ki, onlar heç də faktların təqdimatına görə çəkilən bədii filmlərdən geri qalmır. Sənədli filmlərlə bağlı müxtəlif festivallar keçirilir, həmin filmlər  kinostudiyalarda nümayiş etdirilir. Son illər ayrı-ayrı televiziyalarda, prodakşınlarda bu işlər görülür. Tez-tez sənədli filmlərin təqdimatları keçirilir. Bu ondan xəbər verir ki, vacib bir məsələ ətrafında çəkilən filmlər var. Yeri gəlmişkən, Azərbaycan televiziyasında bu yaxınlarda yubileyi qeyd olunan "Telefilm" bu işi öz üzərinə götürüb. Burada hər il xeyli maraqlı sənədli filmlər istehsal olunur. Bu filmlər vasitəsilə müxtəlif dövrlərdə qarşıya qoyulan məqsədlər həyata keçirilir. Son dövrlər yüksək səviyyədə sənədli filmlər çəkilir. "Telefilm"in imkanları da genişləndirilib. Bədii sənədli filmlərin çəkilişi də nəzərdə tutulub".