“O vaxtdan düşünürəm, məni niyə ora işə götürmədilər...”


Kriminal 01 Dek 2019 17:42:00 173 0

“O vaxtdan düşünürəm, məni niyə ora işə götürmədilər...”

Səhər-səhər yenə ifası ilə rastlaşdım, internetdə. Bax, bu səsi niyə operamızın səhnəsindən eşitməyək? - deyə ünvansız(lı) sualla sosial şəbəkədə paylaşdım. Opera teatrının divarlarını silkələyəcək qədər güclü və məlahətli, günəş şüaları qədər isti və gur səsi var. Qərar gəldim ki, özü ilə görüşüb söhbətləşək, razılaşdı.

Çalışdığı Milli Konservatoriyanın divarları arasında elə bil musiqinin sirli dünyasına, ağuşuna düşürsən. Hər otaqdan musiqi səsi gəlir, ya solo, ya instrumental. Qəribədir ki, heç biri o birini batırmır, mane olmur, elə bil binaya ansamblın içinə daxil olursan.

"Hə, elədir" - dedi, - həmkarlarım da elə deyirlər. - Görün, indi biz belə bir aləmi buraxıb gedə bilərikmi? Sehrlənib qalmışıq - deyə müsahibim sözümün üstünü götürdü. Öz evimizdəyik, elə bil.

Dəhlizin o başından o, bu başından mən bir-birimizə doğru addımlayarkən belə bir dialoq alındı.

- Dəhlizin qaranlıq tərəfindən günəş kimi çıxdınız, maşallah. Özünüz də təsəvvür etdiyim qədər, səsiniz kimi gur işıqlısınız...

- Çox təşəkkür edirəm. Sizi sosial şəbəkədə izləyirəm.

- Mən də sizi - dedim, gülüşdük.

Son.az bildirir ki, Aygün Qurbanova Mübariz Lent.az-a müsahibə verib.

- Adətən, sənət adamları arasında rəqabət, intriqa olur. Deyirsiniz Milli Konservatoriyamız tər-təmiz qala bilib?

- Bəlkə kimlərinsə arasında var, mən görməmişəm, mənimlə olmur elə hallar. Yəqin insanın özündən asılıdır.

- Sonuncu dəfə burda Mənsum İbrahimovun konsertində olmuşam. Çox gözəl idi. Ümumiyyətlə, burda və Musiqi Akademiyasında konsertlərdə olmaqdan zövq alıram.

- Müqayisə edirsiniz?

- Yox, hər ikisində istedad və sənət görürəm. Siz müqayisə etmisiniz?

- Yox, elə sizin kimi düşünürəm, ora da mənə doğmadır, orda təhsil almışam.

- Hə, Xuraman Qasımovanın sinfində. Bioqrafiyanız çox maraqlı gəldi mənə. İqtisad Universitetinin bakalavrı, fərqlənmə diplomu ilə magistratura və Musiqi Akademiyası... Belə bir səs və iqtisadçı. Evdə mane olmuşdular, yoxsa səsinizi kəşf edən olmamışdı?

- Elədi, uzun yol gəlmişəm. Dediklərinizin hamısı var. Gözümü açandan evdə pianino görmüşəm, eşitdiyim musiqini çalırdım, notsuz-filansız. İndi uşaqlarım da mənim kimidirlər, oğlum xüsusilə. Eşitdiyi musiqini pianinonun dillərinə köçürür.

- Bakıda böyümüsünüz, amma mən sizin səsinizi eşidən kimi "Şuşa səsidir" - düşünmüşdüm. Sizi öz aləmimdə Şuşayla assosiasiya etmişdim, nədənsə.

- Əslimiz ordandır, hər iki nənəm şuşalıdır. Bir nənəm Əhməd bəy Ağayevlə əmioğlu olan Səməd bəy Ağayevin qızı olub. Atamın anası Məhbubə Ağayeva. Anamın anası Rəfiqə nənəm Şuşada yaşayıb, böyüyüb. Gənc yaşlarında gəlib Bakıya. Asəf Zeynallı adına musiqi məktəbində Seyid Şuşinskinin tələbəsi olub. Gözəl xanəndə idi. Davam etdirməyib, ailə qurandan sonra. Düşünürəm ki, səs o nənəmdən keçib mənə. Onun da atası oxuyurmuş. Bilirdim ki, musiqiyə həvəsim var uşaqlıqda, amma pianinoda çalmağı məşğuliyyət hesab edirdim. Onu sənət seçmək heç ağlıma gəlməyib. Həm də çalırdım axı, oxumurdum.

- Barmaqlarınızdan çıxarmısınız yanğını, pianinoda çalmasanız, şəksiz, oxuyardınız.

- Yəqin ki, elədir. Atam iqtisadçı, anam həkim, düşünürdüm birinin yolunu davam etdirəcəm. Anam həm də şairədir, yazıb-pozur, Sədaqət Rəşadqızı. Anam dedi həkim ol, dedim yox, mənə ağır gəlir həkimlik. Dedim, iqtisadçı ola bilərəm, atam dedi gəl, qızım, gəl mənim sahəmə. Uşaq vaxtı atam pianoya qoymaq istəmişdi məni. Müəllim mənə dedi ki, pianoda çaldığın mahnını oxu görüm, oxumadım, xoşuma gəlmədi təklif. Bir də getmədim piano məktəbinə. Dedim, elə evdə məşğul olaram. Belə-belə, bir gün Yasamaldakı evimizdən köçdük 16 nömrəli musiqi məktəbinin yanına. Burdan keçəndə musiqi sədaları məni səsləyirdi. Dedim, gedim bir baxım, görüm nə var, nə yox. Artıq bankda işləyirdim. Anama dedim ki, rahat olun, özüm üçün elə-belə gedəcəm musiqi məktəbinə. Ekstern qaydada keçdim illəri, 3 aya 5 sinfin proqramını öyrəndim. Bethoveni, Motsartı ifa edib, keçdim sinifləri. Xor dərslərinə başlayanda müəllimim Vladimir Pavloviç məni mənə açdı, kəşf etdirdi. Dedi, sənin səsin var, həm də adi səs deyil, üstəlik, ürəyin var ki, hər səsi olanda olmur belə qəlb. Sən səsinlə bərabər qəlbinlə oxuya bilirsən. Düşünməyə başladım bu barədə. Valideynlərimi də çağırdı, dedi günaha batmayın, onu saxlamaq olmaz. Mən dərsə gələndə müəllim sevincindən uçurdu, köhnə notları gətirirdi, onlarla da işlədirdi məni. Deyirdi, 30 ildə belə tələbəm olmayıb, belə tələbə gözləmişəm. Getdik Musiqi Akademiyasına, dinlədilər, dedilər Xuraman xanım dinləsin. Sevimli müəlliməm Xuraman xanım Qasımova dinlədi səsimi, çox sevindi, dedi: "devoçka moya". Daxil oldum akademiyaya, sonra ailə qurdum, uşaq oldu, saxladım təhsili. Sonradan yenidən davam etdirdim, çünki Xuraman xanım zəng vurdu ki, hayıfdı əziyyətin, gəl oxu, diplomunu al, sənə mane olmaz. Sağ olsun, altı ilə bitirdim. Qismətdə varmış, oxudum. 2006-cı ildə Fransada Senatda ilk solo konsertim oldu, Samir Cəfərovla birgə. 2007-ci ildə Opera və Balet Teatrına müraciət edib, "Arşın mal alan" operettasında Gülçöhrə rolunu aldım. Oynadım, çox yaxşı qarşılandı. Orda belədir, əvvəl rol oynayırsan, sonra işə götürürlər. "Hə, çox gözəl, çox gözəl", amma sonra nə rol verdilər, nə işə dəvət etdilər. O vaxtdan düşünürəm, səs var, faktura var, nəyi eləyə bilmədim ki, məni ora işə götürmədilər.

Gördüm bayaq sosial şəbəkədə paylaşıb siz də eyni sualı vermisiniz.

- Mən hər sizi dinləyəndə o sual düşündürür məni. Görünür, bacarmadığınız nə isə var...

- Yəqin, bacarmadığımız nə isə var. Amma mən sınmıram, davam edirəm. Buranın səhnəsi var, Filarmoniya var, çıxış edirəm, alqışlanıram. Tamaşaçı görür, bir ariyanı sinifdə ifa etməklə Türkiyə tanıdı məni.

- Vyanada Beynəlxalq müsabiqəyə seçilmisiniz, amma gedə bilməmisiniz, niyə?