Məftilli həyat yolu, yaxud da Mikayıl Müşfiqin qanının axıdıldığı sirli qala


Digərləri 01 Dek 2019 16:24:00 159 0

Məftilli həyat yolu, yaxud da Mikayıl Müşfiqin qanının axıdıldığı sirli qala

Ən böyük cəzası ruhi xəstə olan azərbaycanlı qadın, güllələnmə otağındakı qanlı torpaq, yaxud da dindirilmə otağından qeydlər...

Onlara zamanın qayçıladığı şəxslər də deyə bilərik...

Tariximizin ən qanlı səhifələrindən biri də repressiya illərinə təsadüf edir. Bu illərdə Azərbaycanın işıqlı simaları, ziyalılarının bir qismi güllələndi, bəziləri isə sürgün edilərək amansız işgəncələrə məruz qaldı. Ötən əsrin 30-cu illərində amansız hadisələrə şahidlik edən, hazırda Dövlət Sərhəd Xidmətinə aid olan bu zirzəmilərdən biri artıq muzey kimi fəaliyyət göstərir.

Son.az xəbər verir ki, Sputnik Azərbaycan tariximizin qanlı səhifələrini özündə əks etdirən, çoxsaylı sənədlərdən, 4 kameradan, dindirilmə otağından ibarət olan və ziyalılarımızın qanlarının axıdıldığı güllələnmə məkanından - Azərbaycanda Siyasi Repressiya Qurbanları Muzeyindən reportaj hazırlayıb.

Bu ilin mayında açılışı olan muzey dizaynına görə ötən əsrin 30-cu illərini xatırladır. Muzeyin direktoru Mirabbas Məmmədov deyir ki, muzeyin açılışı üçün 4 ilə yaxın zaman sərf olunub. Muzey Dövlət Sərhəd Xidmətinin rəhbəri, general polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılıb: "Muzeyin burada açılmasının səbəbi təsadüfi deyil. 1925-1989-cu illərdə fərqli adlandırılan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik orqanı (Öncə Azərbaycan Fövqəladə Komissiyası, sonradan Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığının Təhlükəsizlik İdarəsi, Dövlət Təhlükəsizlik İdarəsi və Dövlət Təhlükəsizlik Komitəsi) bu binada fəaliyyət göstərib. 1989-cu ildən etibarən Dövlət Təhlükəsizlik Xidməti yeni ünvana köçəndən sonra, daha dəqiq desək, 2000-ci ildən etibarən Dövlət Sərhəd Xidməti bu binada yerləşir".

Muzeydə gəzdikcə kameralar və oradakı saxlanma şəraiti ilə də tanış oluruq.

Repressiya qurbanlarının azadlığa çıxma eşqini, divarları aralayaraq işıqlığa qovuşmaq arzusunu göstərən barelyef

Kameradakı vəziyyəti öyrənmək üçün ilk öncə kameranın dəliyindən o qəfəsə boylanırıq. Boş masa, sanki ruhu uçmuş bir bədən və yerdəki "boçok". Gözümüzə dəyən bu "boçok"un nə olduğunu təxmin etsək də, dəqiqləşdirmə üçün verdiyimiz suala cavab isə belə olur: o zamanlar bu "boçok"lar unitazları əvəz etmək məqsədilə bura qoyulurdu.

Muzeyin əsas zalında yerləşdirilən 10 lövhədə isə qanlı tarixə aid sənədlərin sürətləri yerləşdirilib. Muzeyin direktoru deyir ki, onlar bu sənədləri Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Dövlət Tarix Muzeyinin, Rusiyanın açıq arxivlərindən əldə ediblər: "Burada muzey açmağı planlaşdırdıqda kameralar dağılmış vəziyyətdə olub. Hazırkı kameralar isə sonradan bərpa edilib. O zamanlar kameraların sayı çox olsa da, hazırda muzeydə yalnız 4 kamera var".

M.Məmmədovun sözlərinə görə, əsas kameralar binanın zirzəmisinin digər hissəsindədir: "Binanın 4 tərəfi zirzəmi olsa da, onların hamısı muzeyin ərazisinə aid deyil".

Bu gün evdə saxlanılan, gün işığına çıxarılmayan repressiya illərinə aid sənədlər muzeyə təhvil verilərsə, onu daha da zənginləşdirmək mümkün olar: "Muzeyin açılışında Elçin Quliyev repressiya qurbanlarının yaxınlarına müraciət edərək xahiş etdi ki, kimdə repressiya dövrünə adi sənəd varsa, onları muzeyə gətirsinlər. Bu çağırışdan sonra bizə müəyyən qədər sənədlər verildi".

"Amma açığını desək, onların yaxınlarının özlərində çox az sənəd qalıb. Çünki o dövrdə sənəd saxlamaq böyük risk tələb edirdi. Hətta məlumata görə, o dövrdə repressiya qurbanı olanların şəkilləri vinetkalardan qayçılanaraq atılıb. Bu şəxsləri həbs edəndə də onların evlərində axtarış aparılırdı. Siyasi repressiya qurbanı olan bu şəxslər əsasən anti-sovet fəaliyyətində, millətçilikdə günahlandırılırdılar. Amma onların evlərində, eləcə də üzərilərində aparılan axtarış zamanı əks-inqilabçı olmalarına dair heç bir sənəd tapılmayıb. Onlar uydurma motivlərlə həbs olunub, repressiyaya məruz qalıblar. Repressiya qurbanı olan bu şəxslərin bəzi əşyaları istintaq üçün maraq kəsb etmədiyinə görə yandırılıb. Bu səbəbdən o dövrə aid hansısa orijinal sənədin tapılması bizim üçün böyük bayramdır", - deyə M.Məmədov əlavə edib.

Belə bir muzeyin yaradılması isə repressiya qurbanı olan şəxslərin bu günədək yaşayan əzizlərinin içindəki xofu öldürüb: "Hətta indinin özündə də repressiyaya məruz qalan şəxslərin yaxınları bura gələnədək danışa bilmədiklərini deyirdilər".

Ümumi ərazisi 200 kvadrat metr olan muzeydə gəzməklə 80-90 il öncəyə səyahət etmiş olduq. Tarixə daha yaxından toxunmaq istəsək də, bizə məlum oldu ki, sən demə burada qalan əşyalardan yalnız 4 kamera qapısı və xərək o dövrə aiddir. Digər əşyalar, əslində çox qədim görünən və ilkin olaraq ötən əsrə aid olduğunu düşündüyümüz mebellər - stol və stullar isə bir neçə il öncə işlənib hazırlanıb.

Muzeydə həyat yoldaşı xalq düşməni kimi güllələndiyi üçün Qazaxıstanın ALJİR düşərgəsində cəza çəkən 44 azərbaycanlı qadın haqda da lövhə yerləşdirilib: "O zaman xalq düşməni kimi güllələnənlərin həyat yoldaşları məhkəməsiz, mühakiməsiz 8 il müddətinə Qazaxıstanın ALJİR-ində (ALJİR sözünün açıqlaması: Vətən xainlərinin həyat yoldaşlarının Akmala düşərgəsi) cəza çəkib. Bu düşərgə SSRİ Xalq Daxili İşlər Komissarının 00487 nömrəli əmrinə əsasən Qazaxıstanın hazırkı paytaxtı Nursultan şəhərinin 30-40 kilometrliyində olan Akmala adlanan yerdə xüsusi yerdə yaradılmışdı".

O zamanlar güllələnənlər arasında yazıçı Hənəfi Zeynallı da olub. Onun həyat yoldaşı Səyyarə Şərifova Qazaxıstanın ALJİR bölgəsinə sürgün olunan 44 azərbaycanlı qadından biri olub. Bu yaxınlarda isə onların qızı, o zamanlar 4 yaşı olan Zemfira xanım muzeyə baş çəkib: "Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, repressiya dövründə güllələnən Mehdi Ələkbərovun həyat yoldaşı Sənubər Eyyubova da ALJİR-ə sürgün olunan qadınlar arasında olub. Onların oğlu Çingiz Ələkbərov da muzeyimizdə olub".

Muzeyin direktoru deyir ki, ALJİR düşərgəsinə sürgün edilən azərbaycanlıların orada necə yaşaması, nə ilə məşğul olması və bu kimi digər məlumatları almaq üçün ALJİR-in rəhbərliyinə müraciət ediblər. Bundan başqa, muzeyin zənginləşməsi üçün onlar Rusiyadan da dəstək gözləyirlər.

Dəhşətli anlara şahid olan belə bir məkanda gəzdikcə güllələnən qadınlar haqda da məlumatlarla tanış oluruq. Məlumata görə, o illərdə 5 qadın xalq düşməni kimi əks-inqilabi fəaliyyətinə görə güllələnib: "Güllələnmələrinə səbəb olaraq isə onların xarici ölkələrin kəşfiyyatlarına xidmət etmələri göstərilirdi. Əlbəttə, bu fərziyyədir. Onlar arasında pianoçu Xədicə Qayıbova, Bakı Pedaqoji Texnikumunun ilk direktoru, ədəbiyyatşünas Mədinə Qiyasbəyli, Türkiyədə təhsil alan Nemət Məlikova, Qarsda anadan olub və milliyətcə yunan olan, Azərbaycanda Hacıbəyov qardaşlarının truppasında aktrisa olan, uzun müddət Azərbaycan teatr səhnəsində çalışan Tanipamfiliya Nikolayevna Tanialidze, sovet dövrünün ictimai-siyasi xadimi, ədliyyə naziri olmuş və Ali Məhkəmənin sədri olmuş Ayna Sultanova da olub".

Muzeydə Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həbsi ilə bağlı ittihamnamə var. Buradan isə Şükriyyə Axundzadənin sürgün olunduğu məlum olur. O zamanlar nazir olan Gülarə Qədirbəyova da repressiyaya məruz qalanlar sırasında imiş. O, həbsdə xəstələndiyi, sonradan isə ruhi xəstə olduğu üçün ona cəza verilməyib və azadlığa buraxılıb.